15–17 oktyabr tarixlərində Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçirilir. Layihə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Silsilə tədbirlərin ilk günü İzmirdəki Ege Universitetində “Türk dünyasının modernləşməsi: Türk dünyasında mətbuat” mövzusunda beynəlxalq simpozium təşkil olunub.

Ege Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümü, Yunus Əmrə İnstitutu, Azərbaycan Mədəniyyət Mərkəzi, Avrasiya Yazarlar Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən simpozium Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunub.

Tədbirə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan ədəbiyyatşünaslar, milli mətbuat tarixinin tədqiqatçıları qatılıb.

Ege Universiteti Ədəbiyyat fakültəsinin dosenti Yılmaz Özkaya, universitetin rektorunun müavini professor Mehmet Ersan və başqa çıxış edənlər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının işığında möhkəmlənən qardaşlıq əlaqələrindən söz açıblar. Natiqlər ölkələrimiz arasındakı mədəni-ədəbi əlaqələrdən danışıb, ortaq miraslarımız arasında ədəbiyyatımızın xüsusi yeri olduğunu qeyd ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk dünyasında mədəni-ədəbi əlaqələrdə maarifçi ziyalılarımızın rolundan danışıb, simpoziumun bu istiqamətdə töhfə olduğunu bildirib.

Sonra panel iclasda mövzu üzrə məruzələr dinlənilib.

***

İzmirdə “Azərbaycan mədəniyyəti və sənəti günü” çərçivəsində Mötbe Mədəniyyət Mərkəzində sərgi açılıb. Sərgidə milli suvenirlərimiz, rəsm əsərləri, milli geyimlər təqdim olunub. Bakı Milli Geyim Evinin kolleksiyasından tarixi Azərbaycan geyimlərinin nümayişi də olub.

Sonra Mötbe Mədəniyyət Mərkəzində konsert proqramı təqdim edilib.

“Azərbaycan mədəniyyəti və sənəti günləri” oktyabrın 17-də İstanbulda davam edəcək. İstanbulun Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından muzeyin mütəxəssisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əl işi olan xalçaların sərgisi açılacaq.

Atatürk Mədəniyyət Mərkəzinin sərgi zalında Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri dosent Gülzadə Abdulovanın kolleksiyasına aid geyimlər sərgilənəcək, Azərbaycan xanımlarının tarixi geyimləri podiumda təqdim olunacaq.

Tədbir çərçivəsində azərbaycanlı sənətçilərinin iştirakı ilə konsert proqramı da nəzərdə tutulur.