Oktyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Vətənim Qərbi Azərbaycan” mövzusunda müsabiqənin yekun tədbiri keçirildi.

Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov tədbiri açaraq Qərbi Azərbaycan mövzusunda rəsm əsərləri və sənətkarlıq nümunələri yaratmağın, həmçinin kitablar yazmağın vacibliyini vurğuladı. O, müsabiqənin əhəmiyyətindən bəhs edərək sərgidə əl işləri yer alan sənətkarlara yeni uğurlar arzuladı.

Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli müsabiqənin keçirilməsində qarşıya qoyulan məqsəd və vəzifələrdən danışdı. Qeyd etdi ki, Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil edilən müsabiqənin məqsədi Qərbi Azərbaycanın mədəni irs və tarixi abidələrinin dağıdılmasına diqqət çəkmək, onları təsviri sənət əsərlərində yaşatmaqdır. Müsabiqəyə təqdim edilən əl işlərində rəssamlar tərəfindən İrəvan xanlarının portretləri, Qərbi Azərbaycanın rəmzlərinə çevrilmiş tarix və memarlıq abidələri, ziyarətgahlar, türbələr, o cümlədən bölgənin təbiət mənzərələri təsvir olunub.

Çıxışlardan sonra münsiflərin qərarına əsasən, qaliblərin adları açıqlandı. Layihə rəhbəri, sənətşünas Qalib Qasımov diqqətə çatdırdı ki, müsabiqəyə təqdim olunan 61 sənət işi təhlil edilib.

Rəngkarlıq nominasiyası üzrə I yerə Reyhan Aslanova, II yerə Niyaməddin Qocayev, III yerə Seymur Fərmanlı, qrafika nominasiyası üzrə I yerə Nailə Sultanova, II yerə Nəsibə Əsgərova, III yerə Natiq Nəcəfzadə layiq görülüblər.

Savalan Fərəcov