Oktyabrın birinci ongünlüyü ölkəmizdə kino sahəsinin inkişafına dəstək, dünya kino bazarına çıxışı təşviq etmək məqsədilə bir neçə mövcud festivalı (bədii, sənədli, animasiya filmləri üzrə) öz çətiri altında bir araya gətirən “Baku Cinema Breeze” (BCB) adlı beynəlxalq festivalla yadda qaldı.

2-8 oktyabr tarixlərini əhatə edən, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Kino Agentliyinin (ARKA) dəstəyi ilə reallaşan kino həftəsi bu sahəyə bağlı insanlarda müəyyən ümidverici təəssürat doğurdu. Bütün hallarda bizim üçün ilk olan bu formatda tədbir sözsüz ki, böyük əhəmiyyətə malikdir. Bunu beynəlxalq təcrübəyə malik kino mütəxəssisləri də deyir.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi hesab edir ki, BCB vahid kinematoqrafiya festivalı konsepsiyası olaraq çox qiymətlidir: “Bu gün dünya kino istehsalı və onun festival ənənəsi çoxdan oturuşmuş bir sistem üzərindən idarə olunur. Statistikaya görə, dünyada ümumilikdə 1500-ə qədər film festivalı var. Bu mənada ölkə festivallarını bir çətir altında birləşdirən və festivallar festivalı funksiyasını daşıyan bu tədbir fərqli cəhətləri ilə də maraqlıdır”.

Fikrin bəy deyir ki, ümumiyyətlə, festivallar kateqoriyalarla seçilir və bu kateqoriyalar Beynəlxalq Prodüserlər Assosiasiyası (FİAPF) tərəfindən verilir. Bu xüsusda festivalın davamlılığının təminatı, müəllif hüquqlarının olması, kinomarketin olması və s. mühüm şərtlərdir. “A” kateqoriyalı festivallarda əsasən filmlərin istehsalı və distribusiyası üçün beynəlxalq əməkdaşlıq imkanları xüsusi yer tutur. Belə festivallar çərçivəsində bir qayda olaraq pitçinq yolu ilə filmlərə dəstək/maliyyə imkanları, birgə istehsal (koproduksiya), beynəlxalq satış və distribusiya kimi ayrıca platformalar təşkil olunur. Belə platformaların beynəlxalq əhəmiyyəti onların məcmu kino sənayesinə verdikləri töhfədədir. 

Bakıda keçirilən BCB festivalına gəlincə, F.Bektaşi təşkilat komitəsinin irimiqyaslı bir tədbirin keçirilməsinə nail olduğunu deyir: “Nümayiş olunan filmlərin bir çoxu premyera idi və öz tamaşaçı kütləsini toplaya bildi. Yerli lokasiya və xidmətlərin, bir çox istehsalçı şirkətin də tədbirdə iştirakı, xarici ekspert və prodüserlərin BCB-yə qatılması müsbət təcrübədir. Təbii ki, ilk dəfə belə geniş tədbirin keçirilməsində müəyyən problemlər də ola bilər. Bunlar təhlil olunmalı və növbəti illərdə nəzərə alınmalıdır. Prodüserlər Gildiyasının dəvəti ilə ölkəmizə gələn Berlin Film Festivalının keçmiş direktoru Diter Kosslikin fikrini bu yerdə diqqətə çatdırmaq istərdim: “Azərbaycan yeni məkan olaraq dünya kinosu üçün çox maraqlı yerdir, burada imkanlar genişlənməkdədir, “Breeze” də ad olaraq çox cəlbedicidir”.

BCB-də film komissiyalarına aid paneldə moderator olan F.Bektaşidən ölkəmizdə bu sahədəki təcrübə barədə də soruşdum. Mütəxəssis deyir ki, Azərbaycanda hazırda bir neçə prodüser şirkəti xarici istehsalçılara təşkilati xidmətlər göstərir. Bu, bir qayda olaraq çətin, amma müəyyən həddə gəlirli biznes sahəsi hesab edilir. Burada gəlirlə yanaşı risklər də mövcuddur, amma dövlətin dəstəyi olduqda, bir çox riskləri azaltmaq olar. Digər tərəfdən, Avropa təcrübəsində çəkiliş məkanlarının cəlbediciliyi ilə yanaşı, dövlət tərəfdən müəyyən güzəştlərin verilməsi xarici kino istehsalçılarının ölkəyə gəlməsini stimullaşdırır.

Ölkədəki mövcud film komissiyalarının rentabelliyi və standartlara uyğunluğuna gəlincə, gildiya rəhbəri qeyd edir ki, bir çox ölkələrdə olduğu kimi, bizdə də bəzi problemlər var və onları film komissiyaları vasitəsilə həll etmək olar: “Bunlar yerli çəkiliş və aktyor heyətinin xarici dili bilməsi, digər tərəfdən, kino çəkilişi heyətinin ilboyu istehsalatda iştirak etməsi və təcrübə mübadiləsinin aparılması, çəkiliş texnikasının müasirləşdirilməsi kimi məsələlərdir. Eyni zamanda nəzərə alınmalıdır ki, film istehsalında iştirak edən çəkiliş heyəti yataqxana, qida və nəqliyyat, yerli dəstək və s. xidmətlərdən də istifadə edir, bu da film komissiyalarına və ümumiyyətlə, kino istehsalına yeni dayanaqlı tərəfdaşlar cəlb edir”.

Nəzərə alaq ki, bir çox xarici ölkələrdə çəkilən filmlər məhz müəyyən lokasiyaların, tarixi abidələrin, arxitektura nümunələrinin və s. ekrana düşməsi turizm sektoruna, yeni xidmətlərin yaradılmasına və regionların inkişafına da öz töhfəsini verir. Bu mənada yerli şirkətlərin sayı və rəqabət imkanları artırılmalıdır.

***

“Film Bridge Azerbaijan” şirkətinin direktoru, rejissor, prodüser Emin Quliyev də BCB barədə nikbin təəssüratdadır. Festivalın gələn il öz coğrafiyasını daha da genişləndirəcəyinə ümidvar olduğunu deyən E.Quliyev burada kinomarketin, görüşlərin təşkilini, mütəxəssislərin cəlbini yaxşı ideya kimi dəyərləndirir.

Kinoprodüserdən dünya kino istehsalatı və marketinqi prosesi üçün işlək mexanizmlərin çoxdan formalaşdığını nəzərə alaraq bu mənada bizim hazırkı durumumuzu da xəbər aldım. “Azərbaycanda son illər aktiv olaraq xarici şirkətlər gəlir və çəkilişlər aparır. Bunlar əsasən Rusiya, Ukrayna, Serbiya, ən çox isə Pakistan və Hindistan şirkətləridir. Təkcə bizim şirkətin vasitəçiliyi ilə 50-dən çox xarici layihə olub ki, onların da çoxu filmlə bağlıdır. Konkret vəziyyətə gəlincə, deyim ki, biz irəliyə doğru gedirik və layihələr artır. Bu tempi aşağı salmasaq, ölkəmizə kino çəkmək üçün ABŞ-dən, Avropadan gələnlər də olacaq. Düzdür, Avropadan işlər var, amma azdır” deyən həmsöhbətim əlavə edir ki, bu xüsusda dünya təcrübəsindən çox şey öyrənməliyik.

Müxtəlif ölkələrdə təşkil olunan bu formatlı layihələrdə davamlı iştirak edən E.Quliyev bu mənada əsas təcrübəsini də xarici layihələr sayəsində qazandığını deyir.

Təəssürat və rəylərdən də göründüyü kimi, BCB festivalı xüsusilə əcnəbi tərəfdaşlarla işləyən prodüser üçün böyük əhəmiyyət kəsb edir. Üstəlik, bu festival çətirinin gələcəkdə say və coğrafiya baxımından daha geniş olacağına ümid də yaranır. Təki müstəqil şirkətlər də bu işdə maraqlı tərəf kimi çıxış edərək rəqabət hissini aydın formalaşdıra bilsinlər.

Həmidə Nizamiqızı