Azərbaycan Bəstəkarlar İttifaqı 90 illik zəngin tarixə malikdir. Bu tarix milli bəstəkarlıq məktəbimizin banisi dahi Üzeyir Hacıbəylinin adı və fəaliyyəti ilə bağlıdır. Bu mənada ittifaqın hər bir üzvü dünən olduğu kimi, bu gün də Üzeyir bəyin ruhuna minnətdardır.

90 illik yubileyini qeyd edən Bəstəkarlar İttifaqı Üzeyir bəyin doğma yurdu Şuşada səyyar plenum keçirməklə sanki öz bayramlarını qeyd etdilər. Bəli, bu əsl bayram idi. Azad, firavan, xoşbəxt Şuşada. Şuşa da, elə biz də xoşbəxtik. Tanrı bizə belə müqəddəs və gözəl bir məkan bəxş edib. Şuşaya isə onun uğrunda canından keçən mərd, cəsur Vətən övladları.

Gözəllikləri bir çox şairlərin misralarına, bəstəkarların mahnılarına bəzək olan Şuşanın yeni tarixi 2020-ci ilin 8 noyabrından – otuzillik işğaldan azad edildiyi gündən başlanır. Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi altında rəşadətli Ordumuzun igidləri xalqımıza bu Zəfər tarixini bəxş etməklə Şuşaya da yeni həyat verdilər.

İndi hər bir azərbaycanlı öz sevincini azad Şuşa ilə bölüşməyə can atır. Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri də 90 illik yubileylərini Şuşada qeyd etməklə həm özləri sevindilər, həm də Şuşanı yeni əsərləri ilə sevindirdilər.

14-15 oktyabr tarixlərində Şuşada Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirildi.

***

Plenumun ilk günü “Şuşa” hotelinin Üzeyir Hacıbəyli salonunda konfransla başladı.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları salamladı, onlara Şuşada aparılan yeni quruculuq işləri barədə məlumat verdi və başda ittifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə olmaqla bütün üzvləri 90 illik yubiley münasibətilə təbrik etdi.

Professor Firəngiz Əlizadə çıxış edərək əvvəlcə dahi Üzeyir bəyin boya-başa çatdığı bu müqəddəs diyarda olmağın nə qədər şərəfli olduğunu qeyd etdi. Bu qüruru bizə yaşadan Ali Baş Komandana və onun rəhbərliyi ilə Şuşanı eləcə də, işğal altındakı digər torpaqlarımızı azad edən rəşadətli Silahlı Qüvvələrimizə minnətdarlığını ifadə edən Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının keçdiyi 90 illik tarixdən də öz açdı.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarəsilə kişi xorunun ifasında səslənən, sözləri və musiqisi Firəngiz Əlizadəyə aid olan “Zəfər marşı” videoformatda təqdim olundu.

Qələbə müjdəli musiqidən sonra konfrans digər çıxışlarla davam etdi.

Xalq artisti, bəstəkar Sərdar Fərəcov “Şuşanın musiqi salnaməsi”, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar İttifaqı”, Əməkdar incəsənət xadimi, professor Akif Quliyev “Şanlı Qələbəyə həsr olunan musiqi əsərləri” mövzuları ilə çıxış etdilər.

İttifaqın katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Xalq artisti Aygün Səmədzadə, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, professor Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova, Əməkdar artist, dosent Vüqar Camalzadə, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov, bəstəkar İlham Azmanlı və digər üzvlər fikir və mülahizələrini bölüşdülər.

Bu sətirlərin müəllifi isə yeni ərsəyə gətirdiyi “Şuşa professional musiqidə” kitabı haqqında məlumat verdi. Məcmuəyə bəstəkarlarımızın Şuşaya həsr etdikləri müxtəlif janrda əsərləri daxildir. İdeya müəllifi Xalq artisti Firəngiz Əlizadə, redaktoru Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə olan kitabda toplanan əsərlər üç dövrü əhatə edir: Şuşanın çal-çağırlı ilkin dövrü, işğal altında olan dövrü və 44 günlük müharibədən sonrakı azad Şuşanın musiqidə tərənnümü. Bu mənada A.Rzayeva, S.Ələsgərov, Ə.Abbasov, E.Sabitoğlu, V.Adıgözəlov, S.İbrahimova, F.Əlizadə, C.Abbasov və digər bəstəkarların əsərləri kitabda əksini tapıb. Əsərlərin not yazıları ilə bərabər, onların təhlilləri də verilib.

Maraqlı çıxışlarla yaddaqalan konfransdan sonra Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin konserti oldu. Onların ifasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və F.Əlizadənin əsərləri səsləndi. İttifaqın üzvlərindən sənətşünaslıq üzrə fəlsəfə doktorları Pikə Axundova “Salam, Şuşa” və Sevda Məmmədli isə “Laçın balladası” əsərlərini ifa etdilər.

***

Plenumun 2-ci günü də unudulmaz, sevinc dolu hisslərlə yadda qaldı.

Əvvəlcə Şuşadakı Yaradıcılıq Mərkəzinin əməkdaşları ilə görüş, “Heydər Əliyev və Qarabağ” sərgisinə baxış keçirildi. Direktor Fəxrəddin Hacıbəyli mərkəzin fəaliyyəti barədə məlumat verdi. Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının layihələri əsasında nəşr olunan “İlham Əliyev və musiqi mədəniyyəti”, “Heydər Əliyev və musiqi mədəniyyəti” və digər kitabları mərkəzə hədiyyə etdi.

Səyyar plenumun xüsusi anlamlı məqamı Üzeyir bəyin ev-muzeyinin ziyarəti oldu. Bu müqəddəs ocaq nümayəndə heyətini çox təsirləndirdi. Prezidentin Şuşadakı xüsusi nümayəndəsinin müavini Elşad Əliyev ittifaqın üzvlərini maraqlı eksponatlarla tanış etdi.

Daha bir ziyarət ocağı isə Azərbaycan vokal sənətinin banisi ölməz Bülbülün Şuşadakı ev-muzeyi oldu.

Bununla da səyyar plenum öz işini başa çatdırdı, Bəstəkarlar İttifaqının üzvləri xoş hisslərlə Bakıya qayıtdılar. Əminik ki, bu hisslər, Şuşa ilə bağlı zəngin təəssürat onların yeni əsərlərində də əksini tapacaq.

Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi