Oktyabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) idarə heyətinin Gəncə Dövlət Milli Dram Teatrında səyyar iclası keçirilib. Əvvəlcə qonaqlar Gəncə teatrının binası və Gəncə Teatr Muzeyi ilə tanış olublar.

Sonra teatrın konfrans zalında ATXİ-nin səyyar iclası başlanıb. İclasda ittifaqın sədri Xalq artisti Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artist Azad Şükürov, idarə heyətinin üzvü Xalq artisti Mərahim Fərzəlibəyov, məsul katib Aida Qafarova, təftiş komissiyasının sədri Əməkdar incəsənət xadimi Hafiz Quliyev, hüquqşünas Könül Ələkbərova, Gəncə Dövlət Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı və Şəki Dövlət Dram Teatrının nümayəndələri iştirak ediblər.

Hacı İsmayılov giriş sözündə Azərbaycan teatrlarının bugünkü vəziyyətindən, uğur və problemlərindən danışıb, Gəncə teatrının beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etdiyini bildirib. O, Gəncə teatrının direktoru Aqil Bəhramlıya  ATXİ-nin “Teatr xadimi” medalını təqdim edib. A.Bəhramlı fəaliyyətinə göstərilən diqqətə görə ittifaqın rəhbərliyinə təşəkkürünü bildirib, teatrın qarşısında  duran həlli vacib məsələlərdən danışıb.

İclasda çıxış edən İlham Namiq Kamal, Azad Şükürov, Mərahim Fərzəlibəyov, Valeh Kərimov, Gəncə teatrının ədəbi hissə müdiri Anar Bürcəliyev, Şəki teatrının baş rejissoru Mirbala Səlimli, Mingəçevir teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, aktrisa Könül Hacıyeva və digərləri teatrların mövcud vəziyyəti ilə bağlı fikir və təkliflərini səsləndiriblər.