Mərhum rejissor Nicat Feyzullayevin (1945–2015) “Küçələrə su səpmişəm” filmi (2004) adındakı lirik-romantik ovqatı qəribə tərzdə doğruldan kifayət qədər ağır mətləbli bir ekran işidir. Bu məqamda belə bir izah da öz yerini tuta bilər: lirik-romantik ad mətləbin ağırlığını nisbətən yüngülləşdirmək üçün seçilib. Bu ağırlıq isə heç də yekcins, birtərəfli səciyyə daşımır.

İki əmioğlu Xəlillə Bəhmənin bir-birinə münasibəti son dərəcə istiqanlıdır, daha doğrusu, Xəlil əmisi oğlu Bəhməni o dərəcədə çox istəyir ki, Bəhmənin əlindəki ov tüfənginin təsadüfən açılması nəticəsində ölüm hadisəsinin həbs cəzasını çəkməyə belə gedir.

Film-pritça İsi Məlikzadənin (1934–1995) eyniadlı əsəri əsasında (ssenari müəllifləri İsi Məlikzadə və Nicat Feyzullayev) çəkilib.

Xəlil Tibb İnstitutunun tələbəsi əmioğlusu Bəhmənin kəndə gəlməsi münasibətilə uşaqlıq dostu Tağını da dəvət edib kiçik bir məclis qurur. Böyüklərdən gizlin araq da alır: Xəlilin atasının qırxı yenicə çıxıb, ona görə belə bir məclisin vaqe olmasını o, əslində, doğru saymır, böyüklərin, kənd camaatının qınağından çəkinir. Amma istəkli əmioğlusunun kənddə keçirəcəyi bir neçə günü xoş ovqatlı etmək istəyi üstün gəlir. Yeyib-içmək məclisindən sonra ova çıxmaq təklifi Xəlilin ürəyincə olmur, çox könülsüz, tüfəngsiz qoşulur əmisi oğlu ilə dostuna.

Hekayənin bütün kulminasiyası məhz bu epizoddadır – Xəlillə Bəhmən ali məktəbə imtahan verməyə birlikdə getmişdilər, Bəhmən qəbul olub Bakıda qalıb, Xəlil isə kəndə qayıdıb və ailə üzvlərini məyus edib.

Yeri gəlmişkən, orta məktəb məzununun ali məktəbə qəbul olmamasını dramatikləşdirmək, bundan son dərəcə pəjmürdə olmaq, həmin gəncə qınayıcı münasibəti (bilərəkdən, yaxud bilməyərəkdən) büruzə vermək nəticədə faciəyə, bədbəxtliyə yol açan tamamilə yolverilməz bir davranışdır. Belə də olur: Xəlil  təsadüfən adam öldürmək üstündə beş ilini həbsxanada keçirib azadlığa çıxdıqdan sonra başqa bir rayonda məskunlaşır, ali təhsilli həkim olmaq arzusunu unudub ocaqxanada işləməyə başlayır, ağlıkəsəndən sevdiyi, gündə iki dəfə evlərinin yanından keçərkən “Küçələrə su səpmişəm” mahnısını oxuduğu Sadayı unutmağa çalışır... Teybə ilə evlənir.

Bəhmən ehtiyatsızlıq üzündən Tağını öldürdüyü üçün Xəlildən onun əvəzinə həbsə getməyi xahiş edir, çünki onu işıqlı gələcək gözləyir – təhsilini bitirməlidir, həkim fəaliyyətinə başlamalıdır...

Bu məqamda hadisələrin mərkəzinə eqo adlı məfhum keçir və aşkar olur ki, Bəhməndə eqo ifrat dərəcədədir, Xəlildə isə, ümumiyyətlə, bu hiss yoxdur. Hər iki hal insanın başını bəlalara salacaq qədər təhlükəlidir. Məsələn, Xəlildə zərrə qədər eqo hissi olsaydı, o, əmioğlusunun kənddə olduğu günlərini xoş ovqatlı etməyin qayğısına qalıb, nəticədə tamamilə günahsız olaraq həbs çəkib şəxsi arzularına, niyyətlərinə “əlvida” demək əvəzinə, artıq tələbə olan Bəhmənlə təhsillə bağlı söhbətlər edərdi, növbəti il üçün hazırlaşdığı qəbul imtahanları fənlərini daha yaxşı mənimsəmək üçün onunla fikir mübadiləsi aparıb, tövsiyələr alardı. Və belə davranış daha normal təsir bağışlayacaqdı, heç bir peşmançılıq, birinin özünü günahkar hiss etmək, digərinin qarşı tərəfdən baş verənlərdən nəticə çıxarmağı gözləmək kimi səssiz faciələr yaşanmayacaqdı...

 

Kadrarxası məqamlar

 

Film haqqında yazımızın bu hissəsində Bəhmən rolunun ifaçısı Rasim Balayevin, Teybə rolunu oynayan Mehriban Zəkinin, Bəhmənin gəncliyini canlandıran Elnur Kərimovun, Xəlilin gəncliyini oynamış Amid Qasımovun xatirə və təəssüratı da ola bilərdi. Amma, təəssüf ki (bizdən asılı olmayan səbəbdən), olmadı…

Odur ki, əvvəlcə filmin quruluş müəllifi Nicat Feyzullayevin oğlu rəssam-dizayner Aqşin Feyzullayevi dinləyək: “Bu filmin ərsəyə gəlməsi çox böyük çətinliklərdən keçdi. Amma çəkilən əziyyətə dəydi – Bakıda “Şərq-Qərb” kinofestivalında premyerası oldu, sənət adamları və kinosevərlər tərəfindən çox yaxşı qarşılandı. Belarusda “Listopad” festivalında iştirak etdi.

Atam rəssam ailəsində böyüdüyü üçün bu sahədən başı çıxırdı. Ona görə hətta filmin quruluşçu rəssamının babamın tələbəsi, Xalq rəssamı Rafis İsmayılov olmasına baxmayaraq belə, onunla da mübahisələri olurdu. Fuad Poladovun filmdəki gənclik rolunu oynayan aktyoru tapmaq daha asan baş verdi. Rasim Balayevin gəncliyini canlandıracaq aktyoru tapmaq bir az çətin başa gəldi. Nəhayət, bir gün atam gəlib dedi ki, Akif Rüstəmov bir cavan aktyor tapıb, məni qane edir, gözümə duran problem bu idi, bu da həll edildi. Ssenarini yazanda Fuad Poladovun Xəlili, Rasim Balayevin Bəhməni oynayacağını özü üçün yəqinləşdirmişdi. Amma bunu onlara bildirmədən ssenarini vermişdi ki, oxuyub özlərini hansı rolda təsəvvür etdiklərini bildirsinlər. Rasim Balayev özünü Bəhmən obrazında görmüşdü, Fuad Poladov Xəlil obrazında.

Kürlə Arazın birləşdiyi və ayrıldığı yeri göstərmək və bununla da lap kiçik yaşlarından çox mehriban ünsiyyətdə olan iki əmioğlunun yollarının ayrılmasını kino dili ilə çatdırmaq üçün vertolyotla çəkiliş aparılmalı idi. Amma filmə ayrılan büdcə az olduğundan vertolyot çəkilişini ixtisar etmək istəyirdilər. Onda atam dedi ki, onun uçun ayrılmış maşından imtina edir. Beləliklə, çəkiliş üçün ayrılmış maşın əvəzinə vertolyot çəkilisi reallaşdı. İndiyə qədər atamın tamam başqa sahələrdə çalışan dostları zəng edib bu filmə baxandan sonra necə təsirləndiklərini deyirlər. Bu o deməkdir ki, film təsir qüvvəsini saxlaya bilir. Atam klassik Azərbaycan mahnılarına köklənmiş silsilə filmlər çəkmək niyyətində idi. “Küçələrə su səpmişəm” filmindən sonra “Əgər qismətim olarsa” filmini çəkmək istəyirdi, ssenarini də yazıb tamamlamışdı, ömür vəfa etmədi...”.

***

Filmin ikinci rejissoru Akif Rüstəmov: “Nicat Feyzullayevlə dost idik. Kinoya ürəklə yanaşan rejissorlardan idi. Sənətə gəldiyi ilk vaxtlardan ona dayaq olmuşam. Bu filmdə də başqa cür ola bilməzdi. İsi Məlikzadənin bu əsərini ekranlaşdırmaq onun arzusu idi. Film tamaşaçılar tərəfindən ilk gündən sevildi. Çünki rejissorun ürəyinin istisi hər kadrda duyulur. Bəhmən roluna Rasim Balayevin, Xəlil roluna Fuad Poladovun, Teybə roluna Mehriban Zəkinin çəkiləcəyini Nicat əvvəldən müəyyən etmişdi. Ona görə bu rollara başqa aktyor seçimi olmadı. Bədii şura da bu seçimləri təqdir etmişdi. Yeri gəlmişkən, Fuad Poladovla Mehriban Zəki üçün Nicat başqa bir mövzuda ayrıca bir ssenari də yazmışdı. O ssenari məndədir. Adı belədir: “Əgər qismətim olarsa”.

Qayıdaq mövzumuza. Bəhmənlə Xəlilin gənclik yaşlarını canlandıracaq aktyorları seçmək ikinci rejissorun vəzifəsi olduğu üçün axtarışlara başladım. Fotosınaqlardan təxminən 40 nəfər keçdi. Nəhayət, Elnur Kərimovla Amid Qasımovu seçdik. Elnuru bir neçə gün müşahidə edəndən sonra sınaq çəkilişlərinə dəvət etdim. Onun gözlərinin rəngi açıq olduğu üçün linzadan istifadə etməli olduq. Amidi tapmağıma isə sənət dostum, aktyor və pedaqoq Vidadi Həsənov kömək etdi. Biləndə ki, belə bir gənc aktyor axtarıram dedi ki, gəl, mənim teatrımdakı aktyorları da nəzərdən keçir. Mən də orda Amid Qasımovu seçdim. Seçim o qədər uğurlu alınmışdı ki, Amidi kinostudiyada görənlər Fuad Poladov olduğunu zənn etmişdilər. Bu filmdə çəkilmək o gənc aktyorların yaradıcılıq yoluna böyük işıq saldı...”.

Lentə alınan birinci epizod Bəhmənlə Xəlilin aynabənddə uzanıb öz aləmlərinə qapıldıqları səhnə idi. Xəlilin kənddə seçib-sevdiyi qız üçün oxuduğu “Küçələrə su səpmişəm” mahnısı isə plastinkadan səslənir.

***

Filmin quruluşçu operatoru Kənan Məmmədov: “Küçələrə su səpmişəm” filmi mənim kino yaradıcılığımda xüsusi yer tutur. Rəhmətlik Nicat Feyzullayevlə dostluq edirdik və həmişə mənə deyirdi ki, bir proyektim var, o filmi mütləq səninlə çəkmək istəyirəm. Nəhayət, 2004-cü ildə həmin ssenarini mənə verdi. Oxudum, çox bəyəndim və çəkilişlərə razılığımı verdim. Ümumiyyətlə, hər filmdə problemlər olur… Bu filmdə də vardı, əsasən maddi problemlər...

Çəkilişləri naturada və dekorasiyada aparırdıq. Ov səhnəsinin finalı Abşeronda, Masazırda duz gölünün ətrafında çəkildi. İndi bu göl hasarla əhatə olunub. Biz çəkən zaman sahil ağappaq duzla dolu idi. Həmin faciəli səhnə bu məkanda cəkilib. Xəlilin iş yeri olan ocaqxana isə Balaxanıda lentə alınıb.

Filmdə Azərbaycanın iki böyük aktyoru iştirak edir - mərhum dostum Fuad Poladov və Rasim Balayev. Onlarla çəkiliş meydançasında işləməkdən böyük zövq alırdım. Mehriban Zəki çox maraqlı bir surət yaratmışdı filmdə. Xüsusilə gənc aktyorlar haqqında danışmaq istərdim. Elnur Kərimov və Amid Qasımov, bizim çox istedadlı aktyorlarımız düzgün oyun ideyasını tapmış və nəticədə ekranda real xarakterlər canlandırmışdılar.

Ümumiyyətlə desəm, bu film Azərbaycan kinosunun, şübhəsiz, uğurudur və mərhum dostum Nicatın bizə qoyub getdiyi yadigardır”.

 

Sözardı…

 

“Küçələrə su səpmişəm” filmi 2005-ci ildə “Humay” milli mükafatına layiq görülüb. Ekran işinin birinci epizodunda səslənən “Küçələrə su səpmişəm” mahnısı leytmotiv kimi film boyu tamaşaçının qulağından əskik olmur. Və son epizodların birində aşkar edirik ki, Xəlil ilk sevgisi Sadayı qətiyyən unutmayıb – məskunlaşıb ocaqçı işlədiyi, gözəl ailə qurduğu, bir qız, bir oğul sahibi olduğu kənddə dəvət edildiyi toyda “Küçələrə su səpmişəm” mahnısını sifariş edib rəqs edəcək qədər ilk məhəbbətinə sadiqdir.

Xəlil sevməyi də bacaran, yaxşı ailə başçısı, güvənli ər olmağın da öhdəsindən gələn, sədaqətli dost və istiqanlı qohumdur. Bu qədər müsbət keyfiyyət arasında qədərində eqosu da olsaydı, nisgil hissinin nə demək olduğunu bilməzdi… 

Samirə Behbudqızı