Aksiya İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarını əhatə edib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bölgələrdə film nümayişlərini davam etdirir.

21-24 oktyabr tarixlərində keçirilən “Muğanda kino günləri” adlı budəfəki aksiya İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarını əhatə edib.

Filmlərin nümayişində məqsəd son illərdə dövlət sifarişi ilə və müstəqil istehsal olunan Azərbaycan filmlərini yerli tamaşaçılara çatdırmaqdır.

Ekran əsərləri İmişli rayon Heydər Əliyev Mərkəzi, Beyləqan rayon Heydər Əliyev Mərkəzi, Saatlı rayon Mədəniyyət Mərkəzi və Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

Kinosevərlər 4 gün ərzində müasir kinomuzun seçilmiş nümunələrindən “Suğra və oğulları” (rejissor İlqar Nəcəf), “Mən burdayam, İlahi!” (rejissor Qulu Əsgərov) tammetrajlı bədii, “Tənha insanın monoloqu” (Emin Əfəndiyev), “Titrəmə” (Amil Amal), “Qırmızı” (Tahir Tahiroviç) qısametrajlı bədii, “İlkin şəhid”, “Atam, anam, bir də mən” (hər ikisi İntiqam Hacılı) və “Evsiz qalmış ay” (Atanur Nəbiyeva) qısametrajlı sənədli filmlərinə baxmaq imkanı qazanıblar.

Xatırladaq ki, AKİ tərəfindən bundan əvvəl 2022-ci ildə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar və Lerik rayonlarında, bu ilin iyul ayında isə “Şirvanda kino günləri” başlığı altında Şirvan şəhəri, Biləsuvar, Neftçala, Salyan və Hacıqabul rayonlarında film nümayişləri təşkil edilmişdi.