Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xorunun (bədii rəhbər və dirijor – Əməkdar müəllim Təranə Yusifova) konserti keçirilib.

Oktyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gerçəkləşən “Turan ellərinin sədaları” adlı konsertdə Azərbaycan, türk, özbək, türkmən, qırğız, uyğur xalq musiqilərinə işləmələr və kompozisiyalar təqdim olunub.

Konserti izləyənlər sırasında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və tanınmış musiqi xadimləri olub.

Konsertdən əvvəl Əməkdar incəsənət xadimi, musiqişünas Sənubər Bağırova çıxış edərək xorun repertuar seçimi və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, qısa zaman kəsiyində yeni tərkibdə formalaşan kollektiv bir-birindən maraqlı çıxışları ilə musiqisevərlərin diqqətini cəlb edə bilib. Kollektiv müasir musiqi yanaşmalarına açıq, eyni zamanda klassik ənənəyə sadiqlik nümayiş etdirərək parlaq çıxışları ilə ölkəmizdə və xaricdə maraqlı konsert proqramları ilə çıxış edir.

Sonra söz musiqiyə verilib. Xorun ifasında turan ellərindən sədalanan musiqi notları tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsertin sonunda Milli Konservatoriyanın prorektoru professor Lalə Hüseynova çıxış edərək maraqlı və peşəkar çıxışına görə kollektivə təbrikləriniz çatdırıb, yeni uğurlar arzulayıb.