Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Techno Klub”un təşkilatçılığı ilə tanınmış səyyah və könüllü proqramlarının fəal iştirakçısı Ağa Mehdiyevin təqdimatında “Yaşıl səyahət: Ekologiyanın yolunda” adlı tədbir keçirilib.

BMU-dan bildirilib ki, gənclərin ekoloji mövzuda maarifləndirilməsi məqsədi daşıyan tədbirdə COP29-un Azərbaycanın 2030-cu ilə qədər yaşıl inkişaf üzrə milli prioritetindəki rolu, alternativ enerjinin əhəmiyyəti, ekologiyanın aktual mövzuları haqqında tələbələrə geniş məlumat verilib.

Dünyanın 40-dan çox ölkəsinin 300-ə yaxın şəhərinə müxtəlif nəqliyyat vasitələri, xüsusilə velosipedlə etdiyi səfərlərindən danışan təlimçi Ağa Mehdiyev Avropaya səyahətinin əsas məqsədlərini tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, ekoloji sülh adlandırdığı bu uzun səfərlərində qlobal iqlim dəyişikliyinin təsirlərini müxtəlif coğrafiyalar üzərində yaxından izləyib, təbiət hadisələrinin əksər ölkələrdə ortaya çıxardığı mənzərələrlə əyani tanış olub, habelə getdiyi tədbirlərdə və təsadüfi ünvanlarda rastlaşdığı sıravi Avropa insanları ilə dünyanın ekoloji problemlərinə dair fikir mübadiləsi aparıb. Təlimçi bu səyahətlərində insanları ekoloji sülhə çağırmaq məqsədinə çatdığını və iqlim dəyişikliyinin fəsadlarının bütün cəmiyyətləri qayğılandırdığının şahidi olduğunu deyib.

Azərbaycanın ev sahibliyi etdiyi COP29-un yaşıl dünya və dayanıqlı gələcəyin inşasında yeni bir addım olduğunu deyən təlimçi bu beynəlxalq tədbirin bütün iştirakçı ölkələri təhlükəsiz bəşəriyyət üçün səfərbər edə biləcəyini vurğulayıb.

Tədbir məlumat sessiyasından sonra sual-cavab mərhələsi ilə davam edib.

Sonda müzakirələrdə fəallıq göstərən tələbələrə kitab hədiyyə olunub.