“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə COP-29-a dair maarifləndirmə xarakterli silsilə tədbirləri davam edir.
“Qarabağda ekoloji vəziyyət” layihəsinin icrasının davamı kimi Naftalan şəhər məktəbi şagirdlərinin iştirakı ilə fləşmob, şəkil müsabiqəsi və ekoloji səyahət təşkil edilib.
İnstitutdan bildirilib ki, 200 nəfərdən çox müəllim və şagirdin cəlb olunduğu tədbirlər ACC sədri, Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov, elmi müəssisənin əməkdaşları Səidə Zeynalova, Gülnar Hacıyeva və Emil Cəbrayılov tərəfindən həyata keçirilib.
Tədbirin ilk günündə COP29-a həsr edilən fləşmob təşkil olunub.
Növbəti gün “Təbii mühiti qoruyaq” devizi altında şəhərətrafi əraziyə ekotur təşkil edilib. Ətraf mühitin qorunması məqsədilə keçirilən tədbirdə 35-dən çox müəllim və şagird iştirak edib. Şagirdlərə rezin əlcək və tullantılar üçün torbalar paylanıb, ərazi ətrafdakı tullantılardan təmizlənib. Təlimçilərin köməyilə məktəblilər tökülmüş yarpaqlardan herbari və ikebana düzəldiblər. Səyahət zamanı təlimçilər iştirakçıları ətraf mühitin elementləri haqqında məlumatlandırıblar, son vaxtlar Naftalan şəhərində şam ağaclarının qurumasının səbəblərini izah ediblər.
Tədbirin sonuncu günündə “Yaşıl dünya naminə həmrəylik ili” və “Qarabağın ekoloji problemləri” mövzusunda şəkil müsabiqəsi və şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib. Uşaqlar çəkdikləri rəsmləri şərh ediblər. Müsabiqənin qalibi olan 15 şagirdə sertifikat və hədiyyə verilib. Rəsm müsabiqəsinin sonunda məktəblilər COP29-un rəmzinə aid hazırladıqları maketi nümayiş etdiriblər.
Silsilə tədbirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirməsi hesabına həyata keçirilib.