Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı şəhərsalma və ekoloji çağırışlar” forumu keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə AzMİU Tələbə gənclər təşkilatının keçirdiyi foruma beş gün ərzində1000-dən çox tələbə və müəllim qatılıb.
Panel müzakirələr “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında olub.
“İkinci həyat – dizaynerlərin gözü ilə” adlı tullantılardan hazırlanmış maket sərgisi də diqqətçəkən tədbirlərdən olub.
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkil etdiyi “BrainStorming” yarışında tələbələr ekoloji problemlərin həlli üçün innovativ ideyalar təqdim ediblər. “CreArt Klub” tərəfindən tələbələr üçün iki vörkşop da təşkil olunub. Tələbələr tullantılardan maketlər hazırlayıb, dibçəklər üzərində rəsmlər çəkərək ekoloji problemlərə nəzər yetiriblər.
Forum çərçivəsində Xəzər sahilində təmizlik aksiyası da həyata keçirilib. Bundan əlavə, tələbələr xüsusi seçilmiş ərazidə ağacəkmə aksiyasında iştirak ediblər. Forumun yekununda universitetin həyətində 150 nəfərin iştirakı ilə fləşmob təşkil edilib.