Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – icraçı direktor Zaur İmrani, Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Elina Kərimova, Demoqrafiya və əhali coğrafiyası şöbəsinin elmi işçisi Bəyimxanım Hüseynova və doktorant Aslan Babaxanov Almaniyanın Yustus Libix adına Gissen Universitetində keçirilən “Cənubi Qafqazda geoparkların idarə edilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.
İnstitutdan bildirilib ki, bir həftə davam edən seminar Almaniyanın Gissen Universitetinin Coğrafiya kafedrası, Gürcüstanın İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin V.Baqrationi adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı və DAAD (Alman Akademik Mübadilə Xidməti) fondunun maliyyə dəstəyi ilə keçirilib.
Tədbirdə Cənubi Qafqazda geoparkların təşkili, planlaşdırılması və perspektivləri, onların fəaliyyətində yarana bilən problemlər və onların həlli yolları, geoparkların verilənlər bazasının yaradılması, sahə məlumatlarının toplanılmasında yarana bilən çətinliklər və məhdudiyyətlər müzakirə olunub, Cənubi Qafqazda potensial imkanları geniş olan ərazilərdə geoparkların yaradılması və inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Z.İmrani “Azərbaycanın təbiət abidələri və geoparkların yaradılması üçün potensial ərazilər”, B.Hüseynova “Azərbaycanda geoparkların və geoturizmin perspektivləri: inkişaf və idarəetmə”, A.Babaxanov “Geoparkların inventarlaşdırılması yolları: Təkmilləşdirilmiş məlumat idarəetməsi üçün smartGIS-in inteqrasiyası” adlı məruzələrlə seminarda çıxış ediblər.