Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Böyük Qayıdış” pitçinq müsabiqəsi çərçivəsində 2022-ci ildə “Mozalan” studiyasında istehsal olunan “İkinci planetin qırmızı rəngi” (rejissoru və ssenari müəllifi Azər Quliyev) qısametrajlı bədii filmi bir sıra festivallarda nümayiş olunub.

Ekran işinin ilk xarici premyerası bu ilin 6-10 mart tarixlərində Finlandiyada keçirilən “Tampere International Film Festival”da gerçəkləşib. Festivalın xüsusi olaraq hazırlanan “Cənubi Qafqaz” proqramı çərçivəsində nümayiş etdirilən film maraqla qarşılanıb.

Film Afinada – “Athens International Film Festival”da, “Golden Grape - Telavi International Short Film Festival”da (Gürcüstan) da nümayiş olunub. “Baku Cinema Breeze” Beynəlxalq Festivalının çətiri altında təşkil olunan XV Bakı Beynəlxalq Film Festivalında (4-8 oktyabr) “Ən yaxşı rejissor işinə görə” “Qızıl nar”a layiq görülüb.

Ekran işinin hələlik sonuncu uğur sorağı Sankt-Peterburqdan gəlib. 18-27 oktyabr tarixlərində Rusiyanın şimal paytaxtında gerçəkləşən 34-cü “Bəşəriyyətə İsmarıc” beynəlxalq film festivalında “İkinci planetin qırmızı rəngi” “Ən yaxşı qısametrajlı film” nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyasının ko-prodüser dəstəyi göstərdiyi filmin baş prodüseri Əli Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalova, icraçı prodüseri Mehman Fətullayevdir. Rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə və Əli Nəsib çıxış ediblər.

Film 44 günlük Vətən müharibəsi fonunda baş verən hadisələri və şəxsi həyatında çətinliklərlə üzləşən Musa adlı gəncin həyatını əks etdirir. Musa keçmişi və iztirabları ilə mübarizə apararkən şəxsi azadlığı və daxili səsi ilə qarşılaşır. Bu onun üçün yeni bir başlanğıc yaradır...