Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə tələbələr  Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını təqdim ediblər. Tamaşanın nümayişi BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) 50 illik yubileyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl THİK-in sədri Zöhrab Cavadzadə təşkilatın fəaliyyətindən, gənclərin təhsil və sosial fəaliyyətlərinə dəstək olmaq üçün həyata keçirilən layihələrdən söz açıb.

Sonra “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın aktyoru Vahid Orucoğludur. Rolları universitetin tələbələri Tural Behbudov, Kənan Neymətzadə, Ülviyyə Orucova, Ramazan Ramazanzadə, Hüseyn Cabbarlı, Nərmin Zeynalova, Mehriban İbrahimli, Üzeyir Kərimov və Səkinə Məmmədova canlandırıblar.