Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, dirijor, pedaqoq, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Yaşar İmanov oktyabrın 26-da, ömrünün 91-ci ilində vəfat edib.
Yaşar Əbdülxalıq oğlu İmanov 21 mart 1933-cü ildə Bakıda anadan olub. 1954-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun truba sinfini bitirib. 1958-ci ildə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasından hərbi dirijor ixtisası üzrə məzun olub. Təyinatla Gürcüstanın Suxumi şəhərində (Abxaziya MR) pedaqoji fəaliyyətə başlayıb. Suxumi Opera və Balet Teatrında opera tamaşaları qoyub. 1967-ci ildə yaradılan Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunub. Eyni zamanda Suxumi Musiqi Texnikumunda xor dirijorluğu şöbəsinin müdiri işləyib. Gürcüstandakı fəaliyyətinə görə bu ölkənin “Əməkdar artist”i adına layiq görülüb.
Yaşar İmanov Azərbaycana qayıtdıqdan sonra 1994–1998-ci illərdə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin, 1998-ci ildən Azərbaycan Radio və Televiziyasının Niyazi adına Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
Onun bəstəkar kimi də zəngin yaradıcılığı var. Abxaz folkloru əsasında “Hilal gecəsi” adlı opera yazıb. Bundan əlavə, fortepiano və simfonik orkestr üçün “Konsert-ballada”, “Xatirə”, xor və simfonik orkestr üçün “Kantata” və s. əsərlər ərsəyə gətirib.
Azərbaycan və Gürcüstan Bəstəkarlar ittifaqlarının üzvü olmuş Yaşar İmanov musiqi ilə dolğun ömür yaşayıb.
Azərbaycan Bəstəkarlar İttifaqı Yaşar İmanovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.