Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi davam edir.
Mərkəzdən verilən məlumata görə, layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın K.Oxridski adına Sofiya, Hindistanın Şri Şri və Rumıniyanın Aleksandr İoan Kuza adına Yassı universitetlərində 2024–2025-ci tədris ilində fənnin tədrisinə yenidən start verilib.
Tədrisi Türkiyədə professor Qafar Mehdiyev, Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru professor Lyudmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru, yaponşünas alim Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Ohridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Hindistanda Şri Şri universitetinin müəllimi Kənan Məmmədov aparırlar.
Layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyi universitetlərdə konfranslar, dəyirmi masalar, seminarlar, mühazirələr təşkil olunur. Belə tədbirlərdən biri Rumıniyanın Yassı Universitetində keçirilib. Professor Lyudmila Bejenaru Azərbaycanın multikulturalizm siyasətindən danışıb. Bildirib ki, Azərbaycanın multikulturalizm siyasətinin məqsədi ümumbəşəri dəyərlərə sadiqlik, xalqların etnik, dil və mədəni özünəməxsusluğunun qorunub saxlanılmasına əsaslanır.
BBMM 2015-ci ildən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsini həyata keçirir. İndiyədək dünyanın 27 universitetində bu fənn tədris olunub.