Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı Nizami Əsgərovun yaradıcılıq gecəsi keçirildi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə baş tutan gecədə tanınmış incəsənət xadimləri iştirak edirdilər.
Aparıcı Nizami Əsgərovun yaradıcılığından, onun istedadlı musiqiçi, təcrübəli pedaqoq kimi xüsusiyyətlərindən söz açdı. Bildirdi ki, Nizami Əsgərov mahir qarmon ifaçılığı ilə yanaşı, bəstəkarlıq qabiliyyəti olan, rəqs sənətinin də nəzəri əsaslarını bilən, eləcə də muğamlarımızı duyan istedadlı musiqiçilərimizdəndir. Onun qarmonda yaratdığı hər bir melodiya qəlbləri fəth edir, xalq sevgisi qazanır. Təsadüfi deyil ki, gecədə Nizami Əsgərovun müəllifi olduğu mahnı və rəqslər də yer alır.
Daha sonra görkəmli mədəniyyət xadimlərinin qarmon ifaçısının yaradıcılığı haqqında fikirləri videolent şəklində təqdim olundu. Bu təqdimatlarda unudulmaz sənətkarlar Əlibaba Məmmədov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Aftandil İsrafilov, eləcə də Alim Qasımov, Ağaverdi Paşayev, Mənsum İbrahimovun fikirləri yer alıb.
Gecə müğənnilərin və tanınmış qarmon ifaçılarının iştirak etdiyi konsert proqramı ilə davam etdi.
Proqramın sonunda Nizami Əsgərov tədbirin təşkilində köməyi olanlara və qonaqlara təşəkkürünü bildirdi.
Nizami Cərullah oğlu Əsgərov 28 yanvar 1957-ci ildə Bakıda dünyaya gəlib. Professional fəaliyyətə 1977-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Rəqs Ansamblının tərkibində qarmon ifaçısı kimi başlayıb. Onun peşəkar sənətə gəlməsində əmisi Şirvan aşığı Əli Əsgər Əsgərovun mühüm rolu olub. N.Əsgərov Yaqub Məmmədov, Sabir Mirzəyev, Qulu Əsgərov, Nəzakət Məmmədova, Baba Mahmudoğlu, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Arif Babayev, Süleyman Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov, Məmmədbağır Bağırzadə, Nisə Qasımova, Mənsum İbrahimov, Könül Xasıyeva, Mələkxanım Əyyubova və digər ifaçıları müşayiət edib.
1997-ci ildən Xalq artisti Zeynəb Xanlarovanın ansamblında fəaliyyət göstərib, bu kollektivlə dünyanın 20-dən çox ölkəsində qastrol səfərində olub.
Nizami Əsgərov 1982-ci ildən Aşıq Ələsgər adına Mədəniyyət Sarayında qarmon müəllimi kimi çalışıb. 1993-cü ildən Bakı Xoreoqrafiya Məktəbində, 1995-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətini davam etdirib.
Lalə