Yeddinci aydır davam edən Türkiyə Mədəniyyət Yolu Festivalı artıq sona yaxınlaşır. Festivalın 15-ci dayanacağı İzmir şəhəridir. Egeyin incisi 26 oktyabr – 3 noyabr tarixlərində “Mədəniyyət Yolu”na ev sahibliyi edir.
Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildə əsası qoyulan və ölkənin mədəni irsini, incəsənətini, tarixi məkanlarını, bölgədən-bölgəyə özünəməxsus kulinariyasını və s. əhatə edən ən böyük layihəyə çevrilən Mədəniyyət Yolu Festivalı bu il dördüncü dəfə keçirilir. Konsertlər, sərgilər, sənət görüşləri, teatr tamaşaları, yerli mətbəx təqdimatları, çoxsaylı əyləncələr və bu kimi bir çox fərqli tədbirləri əhatə edən festivalın əsas məqsədi Türkiyənin şəhərlərinin mədəni zənginliyinin tanıdılmasına, eyni zamanda bu vəsilə ilə turistik sektorun inkişafına töhfə verməkdir.
Aprel ayında Adanada start götürən festival bu il 16 şəhəri əhatə edir və hər şəhərdə doqquz gün sürür.
İzmir Mədəniyyət və İncəsənət Fabrikində təşkil edilən açılış mərasimində danışan Mədəniyyət və Turizm Nazirliyi Canlı İrs və Mədəni Fəaliyyətlər Müdiriyyətinin rəhbəri və festivalın direktoru Səlim Terzi “Mədəniyyət Yolu”nun İzmirdə də zəngin proqramı olduğunu, şəhərin 58 məkanında tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
İzmir valisi Süleyman Elban proqramın mədəniyyət və incəsənətin iç-içə olduğu inanılmaz bir turizm festivalına çevrildiyini ifadə edərək deyib: “9 gün ərzində ümumilikdə 300-ə yaxın tədbirimiz olacaq. Bunların arasında opera tamaşaları, rəsm sərgilərimiz, konsertlərimiz, sənət atelyeləri və muzeylərdə layihələr var”.
Festival çərçivəsində İzmir Rəsm və Heykəl Muzeyində açılan “Pablo Pikasso – rəsmdən keramikaya macəra” sərgisi çox sayda ziyarətçi toplayıb. Sərgidə dünyaca məşhur rəssama aid 170 eksponat – qravüra, qrafika, litoqrafiya əsərləri, afişa və fotoşəkillər nümayiş olunur.
İzmir Mədəniyyət və İncəsənət Fabrikində Ətir Mədəniyyəti və Turizm Dərnəyinin təşkil etdiyi Atatürkün sevimli ətirləri və qədim Romanın məşhur ətir qoxuları sərgisi də maraqla qarşılanıb.
Festival çərçivəsində 29 oktyabrda Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə xüsusi olaraq hazırlanan konsert, balet tamaşası və rəsm sərgisi də təqdim olunub.
“Mədəniyyət Yolu”nun İzmirdən sonrakı dayanacağı Antalya olacaq. Burada festival 2–10 noyabr tarixlərində davam edəcək və bununla 2024-cü il proqramı başa çatacaq.
Vüqar Orxan