“Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub

 

Oktyabrın 18-dən 26-dək Daşkənddə “Şərq İntibahı fenomeni: dövlət, din, şəxsiyyət və sivilizasiya” mövzusunda Beynəlxalq Mədəni İrs Həftəsi keçirilib. 20 ölkədən 100-dən çox alim və ekspertin qatıldığı həftə çərçivəsində konfrans və seminarlar, sərgi və təqdimatlar keçirilib.

Özbəkistanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar” mövzulu beynəlxalq forum da Mədəni İrs Həftəsinin mühüm tədbirlərindən olub.

Ölkənin mədəniyyət naziri Ozodbek Nazarbekov forumda mövzu ilə bağlı təqdimatla çıxış edib. “Əcdadlarımız cəhalətə qarşı həmişə maarif bayrağı ucaldıb, zəka və qabiliyyətlərini elmin və mədəniyyətin inkişafına həsr ediblər”, – deyə o vurğulayıb.

Forumda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da çıxış edib. O, mədəniyyətin bəşəriyyətin həyatında əhəmiyyətini vurğulayaraq deyib: “Nəsillərin davamı üçün mühüm təməl, gənc nəslin tərbiyəsi və inkişafı, o cümlədən milli kimliyin qorunub saxlanılması üçün zəruri olan mədəni-mənəvi irs xalqımızın misilsiz dəyəridir. Bu da öz növbəsində gənc nəslin milli mənsubiyyətinin, daxili qürurunun formalaşmasında və azad düşüncəsinin möhkəmləndirilməsində böyük rol oynayır”.

Forumda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, TÜRKSOY Yazıçılar Birliyinin sədri, qazax şairi və publisisti Esdaulet Ulukbek iştirak ediblər.

Forum çərçivəsində Özbəkistan Prezidentinin təşəbbüsü ilə reallaşan “Canlı tarix” layihəsinin, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun nəşri – “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı da olub. Özbək milli alətlərinin sərgisi və “Çolpon” tamaşası nümayiş olunub.