Olaylar, faktlar (31 oktyabr – 4 noyabr)

 

140 il əvvəl...

 

1 noyabr 1884-cü ildə beynəlxalq miqyasda coğrafi uzunluq və saat zolağının başlanğıc nöqtəsi kimi Qrinviç meridianı (sıfır meridianı) qəbul edilib. Qrinviç meridianı Londondakı Qrinviç rəsədxanasının yerləşdiyi yerdən hesablanır.

 

103 il əvvəl...

 

3 noyabr 1921-ci ildə Rusiya K(b)P Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenumu Azərbaycan, Ermənistan və Gürcüstanın federasiyasının yaradılması barədə qərar qəbul edib. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 1922-ci ildə yaradıldı və SSRİ-nin təsisçilərindən biri oldu. ZSFSR 1936-cı ilədək fəaliyyət göstərdi və həmin il qəbul edilən yeni Konstitusiyaya əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan SSRİ-nin müttəfiq respublikalarına çevrildilər.

 

102 il əvvəl...

 

1 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) Osmanlı səltənətinin sona çatması barədə qərar qəbul edib. Qərarda TBMM-in ölkə ərazisində həqiqi hakimiyyət olduğu vurğulanırdı. Axırıncı Osmanlı Sultanı VI Mehmed (Vahideddin) noyabrın 10-da İstanbulda son cümə namazına qatılıb və noyabrın 17-də ingilis hərbi gəmisi ilə Maltaya göndərilib.

 

101 il əvvəl...

 

2 noyabr 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti – respublikanın baş elmi müəssisəsi təsis olunub. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 9 noyabr tarixli qərarı əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutuna çevrilib. Sonra institutun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunub.

 

85 il əvvəl...

 

1 noyabr 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Soveti Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyin (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) yaradılması barədə qərar qəbul edib.

 

78 il əvvəl...

 

4 noyabr 1946-cı ildə BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı olan UNESCO-nun (United Nations Educational, Scientific and Cultural Organization) Nizamnaməsi qüvvəyə minib. UNESCO BMT-nin ən böyük xüsusiləşmiş qurumudur. Mənzil-qərargahı Parisdə yerləşir.

 

70 il əvvəl...

 

1 noyabr 1954-cü ildə Əlcəzairdə Fransa müstəmləkəçiliyi əleyhinə inqilab başlanıb. Milli-azadlıq mübarizəsi 8 il sürdü və 1962-ci ildə Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. 1  noyabr ölkədə milli bayram – İnqilab günü kimi qeyd olunur. Əlcəzair XVI əsrin əvvəlindən Osmanlı imperiyasının tərkibində olmuş, 1830-cu ildən isə Fransanın müstəmləkəsinə çevrilmişdi.

 

32 il əvvəl...

 

31 oktyabr 1992-ci ildə Ankarada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan dövlət başçılarının ilk zirvə toplantısı (29–31 oktyabr) başa çatıb. Sammitdə türkdilli ölkələrin əməkdaşlıq platforması qurulub. 2009-cu ildə (Naxçıvan sammiti) Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul edilib. Türk Şurası 2010-cu ildə İstanbul sammitində rəsmən təsis olunub. 2021-ci ildən Türk Dövlətləri Təşkilatı adlanır.

Hazırladı: V.Orxan