Olaylar, faktlar (10 – 14 dekabr)
297 il əvvəl...
12 dekabr 1727-ci ildə Rusiya ilə Səfəvi dövləti arasında Nabur sülh müqaviləsi imzalanıb. Şamaxı yaxınlığındakı Nabur kəndində (indiki Qobustan rayonunun ərazisi) imzalanan müqavilə ilə Şirvan bəylərbəyliyinin Cavad, Salyan, Quba əraziləri Rusiyanın nəzarətinə keçib.
178 il əvvəl...
14 dekabr 1846-cı ildə çar I Nikolay Rusiyanın ələ keçirdiyi Cənubi Qafqazın yeni inzibati bölgüsü barədə fərman verib. 1841-ci ildə yaradılmış Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti ləğv olunub, onların əvəzində Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları yaradılıb. Azərbaycan torpaqları Tiflis, Dərbənd və Şamaxı quberniyaları arasında bölünüb.
126 il əvvəl...
10 dekabr 1898-ci ildə Parisdə İspaniya-ABŞ müharibəsinin yekunlarına dair sülh sazişi imzalanıb. İspaniyanın Sakit okean və Karib hövzəsindəki müstəmləkələri – Kuba, Puerto-Riko, Quam, Filippin ABŞ-nin nəzarətinə keçib. ABŞ bunun əvəzində İspaniyaya o vaxtın pulu ilə 20 milyon dollar ödəyib.
102 il əvvəl...
13 dekabr 1922-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən sovetlər qurultayında Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasının yaradıldığı elan olunub. Federasiyanın Tiflisdə yerləşəcək rəhbər orqanı – Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsinə Nəriman Nərimanov seçilib. ZSFSR-in yaranması ilə Azərbaycan SSR formal müstəqillikdən də məhrum oldu. “Zaqfederasiya” 1936-cı ilədək mövcud oldu və həmin il üç respublika SSRİ-nin müttəfiq subyektinə çevrildi.
79 il əvvəl...
12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət qurulub. Tarixə 21 Azər (12 dekabr) Hərəkatı kimi düşən Milli Hökumətin ömrü bir il oldu. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçdi və o, 1946-cı ilin dekabrında süqut etdi.
36 il əvvəl...
11 dekabr 1988-ci ildə Ermənistandakı zəlzələdən (7 dekabr) sonra ora Azərbaycandan yardım aparan “İl-76” təyyarəsi qəzaya uğrayıb. Leninakan (Gümrü) hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən təyyarə dağa dəyərək partlayıb, 63 nəfər xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ağır yaralanmışdı.
30 il əvvəl...
10 dekabr 1994-cü ildə Rusiyanın federal qoşun hissələri Çeçenistan ərazisinə daxil olub. Birinci Çeçenistan müharibəsi başlanıb. Rusiyanın müdafiə naziri Pavel Qraçov Kremli əmin etmişdi ki, dekabrın sonunadək bölgə tamamilə nəzarətə alınacaq. Lakin müharibə 1997-ci ilədək davam etdi. Həmin il müharibədə atəşkəs əldə edildi, Moskva Mashadov hökumətini tanıdı. Atəşkəs iki il sürdü və 1999-cu ilin sentyabrında ikinci Çeçenistan savaşı başlandı.
25 il əvvəl...
12 dekabr 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib. Seçkilər nəticəsində ölkə üzrə 2660-dək bələdiyyə formalaşıb.
21 il əvvəl...
12 dekabr 2003-cü ildə Azərbaycan xalqının Ümummilli lideri, eks-prezident Heydər Əliyev ABŞ-nin Klivlend Klinikasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycanda 7 günlük matəm elan olunub.
Hazırladı: V.Orxan