XX əsrin əvvəlləri İran ədəbiyyatında tənqidi realist poeziyanın tanınmış nümayəndələrindən biri də Mirzadə Eşqi olub. 30 illik nakam ömrünə zəngin ədəbi irs sığdıran şairin bu il anadan olmasının 130, vəfatının isə 100 illiyidir.

Seyid Məhəmmədrza Mirzadə 1894-cü ildə Həmədan şəhərində anadan olub. İbtidai təhsilini molla məktəbində alır. Sonra “Ülfət” və “Alyans” məktəblərində təhsilini davam etdirir. Fransız dilini öyrənir. Əmək fəaliyyətinə fransalı bir tacirin mağazasında tərcüməçi kimi başlayır. Bir müddət sonra jurnalistlik fəaliyyəti göstərir. Şəhərdə “Eşqinin qəzeti” adlı kiçik formatlı qəzet nəşr etdirir. Cəmi 3 nömrəsi işıq üzü görən qəzet qısa müddətdə bağlanır. O bu məhdudiyyətlərə görə ruhdan düşmür. Böyük təmkin və səbirlə jurnalistik fəaliyyətini davam etdirir. Müxtəlif dövri mətbuat səhifələrində publisistik məqalələrlə çıxış edir. 

Mirzadə Eşqi 1910-cu ildə Tehranda çıxan “Siyasət” qəzetində dərc etdirdiyi şeir və məqalələrində riyakar dövlət xadimlərinə, onların xalqın ziyanına apardıqları yaramaz siyasətə qarşı kəskin etirazını bildirir. Ölkədə cərəyan edən siyasi oyunlarla bağlı düşüncələrini aydın şəkildə xalqa çatdırmaq istəyir. Bunun üçün yeni ədəbi üslub yaratmağa çalışır. Bu istəyinə “Novruznamə” əsəri ilə nail olur.

Ədibin yaradıcılıq siması və vətəndaşlıq mövqeyi eyni zamanda “İran sultanlarının dirilməsi”, “Qara kəfən”, “Ehtiyac”, “Vətən eşqi”, “Üç tablo” və s. kimi əsərlərində öz əksini tapır.

Şair “Uzunqulağa minmiş respublika” poemasını şifahi xalq ədəbiyyatı motivləri əsasında qələmə alır. Əsərdə Britaniya imperializmi kəskin tənqid edilir. İngilislərin “respublika” şüarı altında xalqın malını, İranın sərvətini talan etdiyi açıq şəkildə diqqətə çatdırılır. Şair sadə, anlaşıqlı bir dillə mühüm siyasi mətləbləri gündəmə gətirir. “Qara kəfən” poemasında qadınlara kişilərlə bərabər hüquqların verilməsi tələb olunur. Onları qara çadraya-kəfənə bürüyərək cəhalət və səfalət içərisində, zülm və əsarət altında yaşamağa məhkum edənlər tənqid edilir. Müəllifin həyat idealının aynası olan “Dördüncü məclis haqqında müstəzad”, “Xilqətdən narazılıq”, “Ehtiyac, ey ehtiyac”, “Bəşərin məzəmmət edilməsinə dair” və s. əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.

Şairin “Bir qoca kəndlinin, yaxud Eşqinin idealı” poemasında da siyasi motivlər diqqəti cəlb edir. Əsərin qəhrəmanı oxucunun gözləri önündə oddan-alovdan keçir. Məmurluqdan xalq hərəkatı və Məşrutə (konstitusiya) inqilabının öncüllərindən birinə çevrilir. Qarşılaşdığı və yaşadığı hadisələr onda azadlıq amalının yaranmasına səbəb olur. İstibdad rejimi rəhbərlərinin satqınlığı, xalqı riyakarcasına aldadaraq istismar etmələri sadə kəndli qəlbində mövcud quruluşa qarşı nifrət, qisas hissləri oyadır. Hakim üsuli-idarəni yıxmaq idealı onun həyat amalına dönür.

M.Eşqi İran məclisinin (parlament) nümayəndələrinə qoşularaq İstanbula gedir. İstanbul Darülfünunun Fəlsəfə və ədəbiyyat fakültəsində azad dinləyici kimi mühazirələrə qatılır. Avropa ədəbiyyatı ilə yaxından tanış olur. Eyni zamanda yeni türk ədəbiyyatını mütaliə etmək imkanı əldə edir. 1918-ci ildə, I Dünya müharibəsi başa çatdığı zaman Həmədana qayıdır. Bu zaman Rusiyada Oktyabr inqilabı qələbə çalır. İnqilabın əsəri İrana da gəlib çatır. Tehranda izdihamlı mitinqlər baş qaldırır. Bu axına M.Eşqi də qatılır. Artıq İngiltərə, Almaniya və başqa dövlətlər İranda müstəmləkəçilik siyasəti yeridə bilmirlər. Həmin ərəfədə M.Eşqi həbs edilir, bir neçə ay zindanda saxlanılır...

M.Eşqi 1924-cü ildə “İyirminci əsr” adlı jurnalın nəşrinə başlayır. Ancaq bu nəşrin bircə nömrəsi işıq üzü görür. Jurnalda verilən karikaturada ayaqları tərsinə nallanmış bir uzunqulaq, onun üstündə isə sağ əlində silah, sol əlində pul kisəsi tutan bir quldur təsvir olunur. Karikaturada uzunqulağın ayaqlarına vurulan tərsinə nallar İranı geri çəkmək istəyən Rza xan, silah, zorakılıq, pul kisəsi isə ingilislərin vətən xainlərinə verdiyi rüşvətin rəmzi olur. Cümhuriyyət şüarını müdafiə edən müxtəlif mətbuat orqanları isə ilan-qurbağa kimi təsvir edilir.

Bir həftə sonra, 3 iyul 1924-cü ildə Mirzadə Eşqi öz evində naməlum şəxslər tərəfindən qətlə yetirilir. Şairin ölümündən sonra yaxın dostu Əli Əkbər Səlimi 1927-ci ildə müəllifin “Seçilmiş əsərlər”ini çap etdirir. 1929-cu ildə M.Eşqinin “Divan”ı Tehranda nəşr olunur. Həmin divan 1945 və 1952-ci illərdə təkrar çapdan çıxır.

Ədibin həyat və yaradıcılığı İranda, Avropada və keçmiş sovetlər birliyində, o cümlədən Azərbaycanda alimlərin diqqətini çəkib. Haqqında məqalələr və dissertasiyalar yazılıb. Əsərləri Azərbaycan, rus, özbək, türkmən və s. dillərə tərcümə edilib.

Savalan Fərəcov