Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Besart Kadianın etimadnaməsini qəbul edib. Səfir Albaniyanın Baş naziri Edi Ramanın salamlarını dövlətimizin başçısına çatdırıb. İlham Əliyev Albaniya hökuməti başçısının COP29-da iştirak edəcəyini vurğulayaraq, bunun ölkələrimiz arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib.

Prezident İlham Əliyev Ruanda Respublikasının yeni səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib. Diplomat Ruanda Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd edib ki, ölkəsinin rəhbəri COP29-da iştirakını səbirsizliklə gözləyir.

Azərbaycan Prezidenti oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdəki yeni səfiri Amanul Haqın etimadnaməsini qəbul edib. Dövlətimizin başçısı Banqladeş Prezidenti Məhəmməd Şahabuddin ilə təmaslarını xatırlayaraq onun COP29-da iştirak edəcəyini məmnunluqla vurğulayıb.

Prezident Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri İvan Vanqu Nqimbinin də etimadnaməsini qəbul edib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir ölkəsinin başçısı Feliks Çisekedinin tədbirdə iştirak edəcəyini deyib.