Ətraf mühit problemlərini yaradıcı şəkildə təqdim etmək olar
Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilib.
Agentliyin idarə heyətinin sədri Kamran İmanov açılış sözündə bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən tədbirin məqsədi əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək və onlara dəstək verməkdir.
Agentlik rəhbəri “Qlobal İnnovasiya İndeksi” üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolunun vurğulanmasının təsadüfi olmadığını söyləyib: “Yaşıl gələcəyi arzulayan bəşər cəmiyyətini quranların ilk sıralarında ixtiraçılar və müəlliflər durur. Bu isə onu göstərir ki, davamlı milli innovasiya sistemlərinin yaradılmasına və səmərəli milli əqli mülkiyyət sistemlərinə əlçatanlığın təmin edilməsinə yönəlmiş səylər bundan sonra da davam etdirilməlidir”.
Dəyirmi masada K.İmanovun “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda təqdimatı da dinlənilib. Təqdimatda iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycanda patent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumat verilib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev dəyirmi masada çıxış ediblər.
Səadət Yusifova qeyd edib ki, əqli mülkiyyət, mədəni yaradıcı sənaye və yaşıl texnologiyaların kəsişməsi yaradıcılıq, innovasiya və davamlılığı birləşdirən maraqlı, ancaq bir o qədər də mürəkkəb və çoxşaxəli sahədir. Əqli mülkiyyət təkcə iqtisadi inkişafın mühərriki deyil, həm də innovasiyaların ətraf mühitə uyğun şəkildə tətbiqinə təkan verən güclü vasitədir. Qorunma və əlçatanlığın tarazlaşdırılması, innovasiyaların təşviq edilməsi və mədəni irsə hörmət edilməsi vacib amillərdir.
Mədəniyyət sektorunun bu transformasiyada mühüm rolu olduğunu bildirən nazir müavini deyib: “Ənənəvi biliklər və təcrübələr yeni texnologiyalarla birləşdirilərək həm yerli icmaların, həm də qlobal cəmiyyətin faydasına çevrilə bilər. İncəsənət və mədəniyyət nümunələri ətraf mühit problemlərini yaradıcı şəkildə təqdim edərək insanları məsuliyyətli davranmağa ilhamlandıra bilər. Qeyri-maddi irsə aid edilən ənənəvi biliklərdən yaşıl nümunə hesab olunanları müəyyənləşdirib təbliğ etmək olar”.