Prezident Nəsimi rayonunda yeni salınan parkdakı şəraitlə tanış olub

 

Prezident İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verib.

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır.

Bildirilib ki, yeni parkda sakinlərin və qonaqların asudə vaxtlarının təşkili üçün gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir.

“Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni salınan park bir neçə gündən sonra COP29-a ev sahibliyi edəcək ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərə töhfə sayıla bilər.