Dünyanın diqqəti Bakıda olacaq
Bütün dünyanın diqqətinin Bakıya yönəlməsinə on gün qalıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva oktyabrın 31-də Bakıda “Gələcəyin sədaları: iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda tədbirdə çıxışı zamanı belə deyib.
BMT nümayəndəsi bildirib ki, son 10 ay ərzində mən və həmkarlarım COP29 prezidentliyinə dəstək olmuşuq ki, onlar ən böyük iqlim konfransının ev sahibliyinə hazır olsunlar.
***
Bu arada Bakıda COP29-a son hazırlıqlar davam edir. Nəqliyyat sektorunun ölkəmizin tarixində ev sahibliyi edəcəyi ən böyük tədbirə hazırlığı da diqqət mərkəzindədir.
Prezident İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Prezident İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə də tanış olub. Bildirilib ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC (Rusiya) ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqaviləyə әsasәn, 2024–2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Bu il gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.
***
COP29 zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir. Hava limanının direktoru Teymur Həsənov bildirib ki, hazırda bu rəqəm 18-20 min arasındadır. Onun sözlərinə görə, aeroport gücləndirilmiş rejimdə gündəlik 45-50 min sərnişinə xidmət göstərə bilər. COP29 çərçivəsində əlavə 15 çarter reysi planlaşdırılır.