Milli stendimizdə kitabla bağlı 20-dən çox tədbir keçiriləcək
Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi başlanır. TÜYAP kompleksində “Uşaqlıq şənlikdir” şüarı altında keçirilən sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Noyabrın 10-dək davam edəcək sərgidə Azərbaycan “fəxri qonaq ölkə”dir.
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, kitab sənayesi də uğurla inkişaf edir. Bu qayğının nəticəsində artıq bu gün ölkəmiz beynəlxalq kitab sənayesinin bir hissəsinə çevrilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bu sahədəki uğurları mütəmadi olaraq nüfuzlu kitab sərgilərində təqdim olunur. Azərbaycanın dünyanın ən böyük kitab festivallarından olan İstanbul sərgisində “fəxri qonaq” seçilməsi ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir.
Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış yazar və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
Noyabrın 2-də sərginin rəsmi açılış mərasimi olacaq. Həmin gün sərgi məkanında Azərbaycan stendinin də təqdimatı keçiriləcək.
Sərgidə ölkəmizdən 10 nəşriyyat iştirak edəcək. Sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası arasında əməkdaşlığa dair 2012-ci ildə imzalanmış memorandum yenilənərək təkrar imzalanacaq.
Sərgi günlərində stendimizdə yazarların imza mərasimləri, kitab təqdimatları, rəsm sərgisi, milli mətbəximizin nümayişi təşkil olunacaq, eləcə də çağdaş ədəbi proseslə bağlı müzakirələr, ikitərəfli işgüzar görüşlər – ümumilikdə 20-dən çox tədbir nəzərdə tutulub.
Qeyd edək ki, sərginin builki “fəxri yazarı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfələr vermiş Yalvaç Ural olacaq. Eyni zamanda sərgidə bir sıra ölkələrdən məşhur yazıçıların iştirakı gözlənilir. 9 gün davam edəcək sərginin proqramına 450-dək müxtəlif səpkili tədbir, eləcə də yüzlərlə imza mərasimi daxildir.
Xatırladaq ki, İstanbul Kitab Sərgisinin əsası 1982-ci ildə qoyulub. 2000-ci ildən TÜYAP sərgi kompleksində keçirilən sərgi 2005-ci ildə beynəlxalq tədbirə çevrilib. 2020–21-ci illərdə pandemiya səbəbindən sərgi keçirilməyib. Son dörd sərgidə “fəxri qonaq ölkə” olmayıb və 2018-ci ildən bəri ilk belə dəvəti Azərbaycan alıb.