“İqlim böhranına qarşı mədəniyyətin gücündən istifadə edə bilərik”

 

Oktyabrın 31-də ADA Universitetində “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib.

ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılovanın moderatorluğu ilə gerçəkləşən konfransın məqsədi mədəniyyətin və iqlim dəyişikliyinin qarşılıqlı əlaqəsini araşdırmaq, mədəni təcrübələrin və ənənələrin ətraf mühit dəyişikliklərinə təsirlərini diqqətə çatdırmaqdır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov konfransda çıxış edərək Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit gündəliyinə sadiq olduğunu söyləyib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu addım COP29-u hamı üçün davamlı inkişaf və yaşıl gələcəyi inkişaf etdirən təsirli hadisəyə çevirmək əzmimizin göstəricisidir.

Eyni zamanda Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə sadiqdir.

Nazir müavini xatırladıb ki, bu ilin may ayında Bakıda keçirilmiş VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iqlim və mədəniyyət arasındakı əlaqəyə toxunulub: “Bu da iqlim dəyişikliyinin mədəni irsə təsiri haqqında məlumatlılığı artırdı. Hazırda bu təşəbbüs dünya miqyasında yayılır və daha çox ölkə onu dəstəkləməkdə maraqlıdır. Biz həmçinin inanırıq ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün görkəmli qüvvəyə çevirməyə çalışır”.

Qeyd olunub ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-da Azərbaycanın COP29 çərçivəsində mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün necə mərkəz nöqtəsi kimi xidmət edəcəyini nümayiş etdirdi.

Fərid Cəfərov çıxışında gəncləri iqlim təşəbbüslərində fəal rol almağa dəvət edib: “Sizin ideyalarınız, yaradıcılığınız və həvəsiniz çox önəmlidir. COP29 ərzində Azərbaycanın mədəniyyət müəssisələri, o cümlədən muzeylər, teatrlar və s. iqlimə əsaslanan gündəliyi birləşdirəcək. Biz birlikdə bütün mədəni mənzərəmizin daha yaşıl gələcəyə olan bağlılığımızı əks etdirməsini təmin edirik. İqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri ilhamlandırmaq üçün mədəniyyətin gücündən istifadə etmək imkanımız var. Bu həm də bir məsuliyyətdir. Gəlin, mədəniyyətin müsbət iqlim gündəmini ruhlandırmaqda yol göstərdiyi bir gələcəyi qurmağa davam edək və hər birimiz bu transformativ səyahətin bir hissəsi olaq”.

Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib ki, son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Bu da insan sağlamlığı, ətraf canlı aləm, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir: “Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli yaşıl texnologiyalarını inkişafı kimi bir sıra tədbirlər həyata keçirib. Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib”.

Vurğulanıb ki, qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

Digər çıxış edənlər mədəni perspektivlərin iqlim fəaliyyətinə inteqrasiya edilməsi ilə bağlı strategiyalar haqqında öz fikirlərini bildiriblər.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Nurəddin