29-30 oktyabr tarixlərində Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyasi” III Beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

Tədbir Coğrafiya İnstitutunun Azərbaycan Coğrafiya Cəmiyyəti, Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Türkiyənin Bursa, Uludağ, Rusiyanın Dağıstan Dövlət Texniki və Pedaqoji, Özbəkistanın Milli, Şimali Qazaxıstanın M.Kozıbayev adına universitetləri, Gürcüstanın Coğrafiya İnstitutu və Rusiya Sosial Coğrafiyaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

İkigünlük konfransın sonuncu günü bölmə iclasları ilə davam edib. İclaslarda Azərbaycan şəhərlərinin müasir regional problemləri, yeni açılan iş yerlərinin təsərrüfata təsiri, Qarabağın bəzi hidronimləri, mineral və termal suların sağlamlığa təsiri, Quba-Xaçmaz iqtisadi rayonunda kəndlərin kiçilməsi və bunda miqrasiyanın rolu, Ağdam, Füzuli rayonlarında su ilə təminat problemi, Qarabağın tibbi-coğrafi şəraitinə ekoloji vəziyyətin təsiri və xəstəliklərin yayılmasında rolu, Azərbaycanda onkoloji xəstəliklərin coğrafiyası, torpaqlardan səmərəli istifadənin Kürdəmir rayonunun davamlı iqtisadi inkişafına təsiri, Şərqi Zəngəzur iqtisadi rayonunda temperatur rejiminin tədqiqi mövzuları yer alıb.

Xatırladaq ki, konfransın birinci günündə Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin dekanı coğrafiya elmləri doktoru Sergey Paşkov, BDU-nun Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayilov çıxış ediblər. Plenar iclaslarda professorlar Rza Mahmudovun və Şövqi Göyçayskinin, texnika elmləri doktoru Əhməd Məmmədovun məruzələri dinlənilib.

Çıxışlarda iqlim dəyişikliklərinin Yer səthində temperaturun artmasına, su ehtiyatlarının azalmasına, torpaq-bitki örtüyünün deqradasiyasına, təsərrüfatın ərazi və sahə strukturunun dəyişməsinə səbəb olduğu bildirilib. Bütün bunlarla bağlı beynəlxalq səviyyədə iqtisadi, sosial, ekoloji və elmi-maarifləndirmə tədbirlərinin təşkilinin vacibliyi qeyd olunub.

Məruzələrdə Yer elmlərinin ətraf mühit haqqında biliklərin formalaşmasında və ekoloji tədqiqatların aparılmasında əhəmiyyəti, regional iqlim dəyişmələri fonunda Qarabağ ərazi çay axımlarının təhlili, Qarqarçay hövzəsi üzrə axımın tənzimlənməsi və su ehtiyatlarından səmərəli istifadə məsələləri öz əksini tapıb.