Ədəbiyyatımıza, poeziyamıza böyük töhfələr verən Məmməd İsmayılın bu gün 85 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada “Məmməd İsmayıl-85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə şairin əsərləri, tərcümələri, tərtib və redaktə etdiyi, “Ön söz” yazdığı, həyatı və yaradıcılığından bəhs edən Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan şeirləri və məqalələri yer alıb.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Məmməd İsmayılın şeirsevərlərin görüşünə ilk dəfə 1957-ci ildə rayon qəzetində dərc edilmiş "Dağlar" qoşması ilə gəlib. Müxtəlif illərdə “Aman təklik əlindən”, “Ümiddən asılan qılınclar”, “Yaş altmışa dayandı”, “Yoxun varlığı”, “Poemalar”, “Yetmişdən sonra”, “Gəlməyə vaxtmı tapdın, səksən yaşım”, “Arzuların yolu” və s. kitabları nəşr edilib. 20-yə yaxın şeir kitabının müəllifidir. 50-dən çox şeirinə mahnı bəstələnib.

Ömrünün 30 ilini qardaş Türkiyədə yaşayıb-yaratmış görkəmli şairimizin özünəməxsus ədəbi və publisistik nümunələri ünlü nəşriyyatların buraxdığı 15 kitabda türk dilində işıq üzü görüb. “Bu qan yerdə qalan deyil”, “Türkün sevgisi”, “Dillən, telli sazım”, “Unutduğun yerdəyəm”, “Yelə bir şey söyləmişdim”, “İz” və digər kitablar bu sıradandır.

Şair-publisist Məmməd İsmayıl bir sıra xalqların dillərinə - rus, alman, fransız, yapon, macar, qazax və s. tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə poeziyamızı layiqincə təmsil edib.