Oktyabrın 31-də Azərbaycan Milli Xalça Muzeyində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərginin açılışı oldu.
Mərasimdə mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, millət vəkilləri, incəsənət xadimləri iştirak edirdi.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq diqqətə çatdırdı ki, Yunus Əmrə İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gələn sərgidə qardaş ölkədən 30 rəssamın bəşəriyyətin mühüm arxeoloji kəşflərindən olan Göbəklitəpəyə həsr etdikləri əsərlər yer alıb: “Ümidvarıq ki, unikal, maarifləndirici sərgidə çağdaş Türkiyə rəssamlarının əsərləri, bu qədim tarixi məkanın təsvirləri hər kəsin xoşuna gələcək. Sərginin mövzusu bəşəri dəyərə malikdir. Sərginin ölkəmizdə keçiriləcək COP29 ərəfəsində açılması da böyük əhəmiyyət kəsb edir”.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıc bildirdi ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan 12 min il əvvələ aid Göbəklitəpə arxeoloji abidəsi bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri və Yer üzündəki ilk ibadət yeri, məbəd sayılır. Bir çox bəşəri suallara yeni cavablar təqdim edən bu füsunkar arxeoloji ərazi nəhəng daş strukturları ilə tanınır.
Səfir Cahit Bağçı isə çıxışında bu sərgi ilə Türkiyənin mədəni zənginliyini paylaşdıqlarına görə məmnunluğunu ifadə etdi. Bir müddət əvvəl Heydər Əliyev Mərkəzində açılan “Uzun Həsən” sərgisindən sonra Türkiyənin sənət incilərinin qardaş Azərbaycanda növbəti nümayişini mədəni əməkdaşlığın tərkib hissəsi kimi dəyərləndirən səfir dedi: “Bu layihələr iki qardaş ölkə olaraq tariximizin, qədim mədəni sərvətlərimizin tanıdılması baxımından önəm kəsb edir”.
Sərginin kuratoru Siret Uyanık diqqətə çatdırdı ki, Göbəklitəpə arxeoloji sahəsi, Şanlıurfa şəhərinin mərkəzindən 18 kilometr şimal-şərqdə, Örencik kəndi yaxınlığında yerləşir. Ərazi 1963-cü ildə İstanbul və Çikaqo Universitetlərinin birgə aparılan tədqiqatları zamanı aşkar olunub və "V52 Neolit yaşayış məntəqəsi" olaraq təyin edilib. Ərazi kəşf edilsə də, qazıntılara 1995-ci ildə Alman Arxeologiya İnstitutunun professoru Klaus Şmitin rəhbərliyi ilə başlanılıb və təxminən 10 min il torpaq altında qalmış “gizli xəzinə” üzə çıxarılıb.
Yaşayış sahəsi kimi istifadə edilməyən və yalnız dini məqsədlər üçün xidmət göstərən bu yerdə çoxsaylı məbəd tikililərin qalıqları var. Bütün bu bölgənin Neolit dövrünün inanc mərkəzi olduğunu deməyə əsas verən və bu günə qədər onlardan 6-sı aşkar edilsə də, ümumi sayının 20-yə çatdığı geomaqnit ölçmələri ilə müəyyən edilən monumental tikililərin formaları biri-birinə oxşardır. Neolit dövründə hündürlüyü 6 metrə qədər olan "T" şəkilli sütunlara həkk olunan, daşlar üzərində təsvir olunmuş qədim və bəziləri üçölçülü olan heyvan təsvirləri əcdadlarımızın bədii istedadını üzə çıxarır.
Kurator onu da vurğuladı ki, 20 il boyunca burada qazıntılar aparan professor Klaus Şmidt "T" şəkilli və bəzilərində əl və barmaqların da göründüyü bu sütunların insan fiqurlarını təsvir etdiyi qənaətinə gəlibr. Aparılan qazıntılar zamanı əldə edilən tapıntıların bəzilərini Şanlıurfa Muzeyində görmək mümkündür.
Göbəklitəpə bir çox yeni məlumat ortaya çıxarsa da, tapıntılarla bağlı hələ də cavabı məlum olmayan suallar elm adamlarını narahat edir. Bu məbədləri kimin tikdiyi, çəkisi 60 tona qədər olan sütunların buraya necə daşınaraq ucaldıldığı, niyə tonlarla torpaq və daşla örtülərək basdırıldığı, məbədlərin məqsədinin tam olaraq nə olduğu, cavabını gözləyən və yəqin ki, illərlə araşdırma tələb edəcək sirlərdir. Yalnız dəqiq olan odur ki, bütün bu araşdırmalar bəşər tarixinə töhfə verməkdə davam edəcək və indiyə qədər yazılanları tamamilə dəyişdirəcək.
Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular.
Noyabrın 6-dək davam edəcək sərgi layihəsinin məsləhət şurasının üzvləri professorlar Aydın Ayan, Alaybəy Karoğlu və Teymur Rzayevdir.
Lalə Azəri