Dünya Şəhərlər Günü (31 oktyabr) münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil edilib.
Tədbirdə UNESCO-nun Yaradıcı Sənayelər Şəbəkəsinin tarixi, əhəmiyyəti və məqsədləri haqqında məlumat verilib. Yaradıcı Şəhərlər Şəbəkəsində yer alan Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təqdimatlar olub. Qeyd olunub ki, şəhərlərimiz bu çərçivədə bir sıra layihələr həyata keçirib, yerli və beynəlxalq səviyyədə yaradıcılığın təşviqi ilə bağlı tədbirlər təşkil edib.
Şəbəkədə şəhərlərimizin daha aktiv fəaliyyətinin təşkili məqsədilə koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi, şəbəkəyə üzv olan digər şəhərlərlə əməkdaşlığa dair təkliflər səslənib.
Bildirilib ki, Azərbaycanın digər şəhərlərinin də Şəbəkəyə daxil edilməsi üçün müvafiq namizədliklərin UNESCO Katibliyinə təqdim olunması istiqamətində işlər aparılır.
Xatırladaq ki, Azərbaycanın Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən, Bakı şəhəri “dizayn” tematikası üzrə 2019-cu ildən, Lənkəran şəhəri isə “qastronomiya” tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.