Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində ilk olaraq noyabrın 2-də Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub.
Layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində gerçəkləşən infotur zamanı iştirakçılar üçün maarifləndirici seminar da təşkil olunub. İqlim dəyişikliyinin tarixi abidələrə təsiri, iqlim dəyişikliyinə təsir edən çirkləndirici tullantıların ekosistemə mənfi təsirlərinin azaldılması, ekoloji maarifləndirmə kimi mövzular ətrafında çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları gəncləri maraqlandıran sualları cavablandırıblar.
Qoruğun açıq ərazisinə və muzeyə ekskursiya zamanı qoruq əməkdaşları və Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov tərəfindən maarifləndirici məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Layihə çərçivəsində seminar və təqdimatların yer alacağı bu kimi infoturların davamlı təşkili nəzərdə tutulub.