Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev arasında görüş keçirilib.
BDU-dan bildirilib ki, görüşdə iki universitet arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və yeni istiqamətlərdə inkişaf etdirilməsi barədə geniş müzakirə aparılıb. İki universitet arasında 2020-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilən dəniz və enerji hüququ ixtisaslaşması üzrə ikili diplom proqramının uğurları vurğulanıb. Bu proqram çərçivəsində magistratura səviyyəsində ingilis dilində birgə tədris prosesi aparılır. Tərəflər bu proqramın daha da inkişaf etdirilməsi və yayılması imkanlarını müzakirə ediblər.
Görüşdə BDU və Qazax Milli Universitetinin birgə tədqiqat layihələri ilə bağlı planları da müzakirə olunub. Tərəflər elmi əməkdaşlığın genişləndirilməsi üçün birgə elmi tədqiqatların təşkili, simpozium və konfransların keçirilməsini qərara alıblar.
Rektorlar tələbə və müəllim mübadiləsinin də əhəmiyyətini qeyd ediblər.