Mədəniyyət naziri muzeyin kollektivi ilə görüşüb
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yaradılmasının 85 illiyini qeyd edir. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimli noyabrın 1-də muzeydə olub, kollektivlə görüşüb.
Muzeyin direktoru, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov mədəniyyət ocağının tarixindən söz açıb. Qeyd edib ki, muzey dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli qərarı ilə yaradılıb. II Dünya müharibəsi səbəbindən muzeyin açılışı 1945-ci il mayın 14-də olub.
Akademik bildirib ki, xalqımızın ədəbiyyat tarixini ən qədim zamanlardan müasir dövrə qədər əks etdirən muzey Azərbaycanın qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Bu gün muzeyin müasir dünya standartlarına cavab verən, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyası Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərini əhatə edir. Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissi ilə ziyarət edirlər. Ekspozisiyada qədim əlyazmalar, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli fotoşəkillər və s. qorunur, nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlərlə, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış ola bilərlər. Muzeyin fondları tədqiqatçı alimlər üçün geniş imkanlar yaradır.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi milli dəyərlərimizi yaşadan bir ocaqdır: “Muzeyin yaranma tarixi Nizami Gəncəvinin adı ilə bağlı olsa da, o, Azərbaycanın zəngin ədəbiyyat tarixini və bütövlükdə qeyri-maddi mədəni irsini özündə ehtiva edən böyük bir mərkəzdir. Muzey uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərərək böyük bir dəst-xətt qoyub. Muzeyin hazırda Mədəniyyət Nazirliyi sistemində olması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın mədəniyyət siyasəti elmə, təhsilə, ümumiyyətlə, maarifləndirməyə köklənmiş bir istiqamət götürüb. Bu, Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətidir. Azərbaycanın ədəbiyyat və mədəniyyətinin qorunmasında, təbliğində bu muzeyin xüsusi rolu var”.
Nazir 85 illik yubiley münasibətilə muzeyin kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə və muzeyin yaradılmasının 85 illik yubileyi münasibətilə kollektiv Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.
Fəxri diplom direktor Rafael Hüseynova təqdim edilib, xatirə şəkli çəkdirilib.
Görüşdən sonra nazir muzeyin zəngin ekspozisiyası ilə tanış olub.
Nurəddin