Xəbər verdiyimiz kimi, 28 oktyabr – 3 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən III Beynəlxalq “Theatre All” festivalında ölkəmizdən Qazax Dövlət Dram Teatrı da təmsil olunub.
Tanınmış qazax yazıçı-dramaturqu, rəqqas və caz artisti, Dövlət mükafatı laureatı Roza Mukanovanın yaradıcılığına həsr olunan festivalda Qazax teatrı müəllifin eyniadlı tragikomediyası əsasında hazırlanan “Çadır altında – mən” tamaşası ilə çıxış edib.
M.Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirilən səhnə əsəri maraqla qarşılanıb. Tamaşaçılar arasında dramaturq Roza Mukanova və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da olub.
Tamaşa heyətindən Əməkdar artist Xəzər Gəncəli “ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülüb.
Mükafatlandırma K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında olub.
Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.