F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan sərgi nümayiş olunub. “Kiçik əllərin yaşıl dünyası” adlı sərgidə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və Aslan Ağayev adına 31 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin əl işləri yer alıb.
Tədbirdə hər iki məktəbin kollektivi, həmçinin qonaq qismində uşaq yazarı Mehriban Nağıyeva iştirak edib.
Kitabxananın direktoru Şəhla Qəmbərova tədbir iştirakçılarını salamlayaraq bir neçə gündən sonra Bakı şəhərində dünyanın ən böyük iqlim sammiti – COP29-un keçiriləcəyini deyib. O, uşaqlara müraciət edərək qeyd edib ki, təbiətin flora və fauna aləmini də qorumaq və daima təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Təbiətimizi, evimizi birlikdə qoruyaq və daha da gözəlləşdirək!
Kitabxananın əməkdaşı Əsmər Ağalar uşaqların məlumatlandırılması məqsədi ilə “Birgə daha sağlam gələcəyə” adlı video-təqdimat edib. Təqdimat “COP(29) nədir”, “COP tədbirlərinin məqsədi nədir” və s. kimi sual-mövzuları əhatə edib. Qeyd edilib ki, Azərbaycan Respublikası ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir. COP29 üçün ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir.
Yazıçı Mehriban Nağıyeva məktəblilərə “İncinin nağıl dünyası” kitabından nağıllar oxuyub.
Çıxış və mətnlər nitq sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə tərcümə edilib. Uşaqlara yazıçı və kitabxana tərəfindən kitab hədiyyə edilib.
Sonda uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.