Azərbaycanın qədim şəhərlərindən olan Şəkinin özünəməxsus memarlıq üslubu, fərdi vizual görkəmi var. Bu görkəmin formalaşmasında Şəki Xan sarayı, Şəkixanovların evi, karvansaralar və başqa tarixi memarlıq abidələri ilə yanaşı, yaşayış binalarının da mühüm rolu var. Bu binaların əksəriyyətini XIX əsrin sonu – XX əsrin əvvəllərində Şəkidə sənayeləşmənin və ticarətin gətirdiyi gəlir hesabına zənginləşmiş adlı-sanlı tacir ailələri inşa etmişlər.

Bu gün Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində dövlət qeydiyyatına alınmış 83 memarlıq abidəsi arasında həmin nəsillərə məxsus evlər öz əzəməti və gözəlliyi ilə göz oxşayır. Ənənəvi Şəki evlərinin unikal fasad elementlərini, pəncərə və qapı detallarını ehtiva edən bu memarlıq abidələri öz görünüşləri ilə sanki zamana meydan oxuyur. Ancaq hazırda həmin evlərdə XIX  əsrdə Şəkinin ictimai-siyasi və iqtisadi həyatında söz sahibi olmuş ailələrin varisləri yaşamırlar.

Şəkinin, demək olar ki, bütün bəy və tacir ailələrinin taleyi bir-birlərinə bənzəyir.  Sovet hökumətinin qurulması ilə başlayan kollektivləşmə nəticəsində, Azərbaycandakı bir çox bəy və zadəganlar kimi, Şəkinin də tacir və mülkədarlarının var-dövləti müsadirə olunmuş, mülkləri ayrı-ayrı qurumlara, şəxslərə bağışlanmışdı. Bütün bunlara rəğmən mülk sahiblərinin soyadı həmin binaların adına çevrilib, yüz ildən çox keçməsinə rəğmən əsl sahiblər unudulmayıb.

Şəkinin ən gözəl yerində, karvansaralardan Xan sarayına qalxan küçədə öz tarixi memarlıq görkəmi ilə göz oxşayan, uzun illərdir internat tipli məktəb olaraq istifadə olunan binalar məşhur “Dadanovlar”, keçmiş uşaq evinin binası “Zülfüqarovlar”, Qala divarlarından şərqdə istirahət evi və uşaq xəstəxanası olmuş mülk “Hüseynbəyovlar”, Pedaqoji Texnikumun binası “Əliyevlər” nəslinin adını və xatirəsini hələ də yaşatmaqdadır.

Adları sadalanan binalar, hər nə qədər XIX əsrin memarlıq üslubunu günümüzə qədər qoruyub saxlasa da, interyer olaraq müasirləşib. Həmin binaların daxilində o dövrdən qalma bir əşya, nə də bir nişanə var. Ancaq elə evlər də var ki, içərisində sanki zaman dayanıb. Tikildiyi dövrə aid əşyalar, mebellər, fotolar və xatirələr hələ bu evləri tərk etməyib.

Onlardan biri Şəkinin M.F.Axundzadə prospektində yerləşən 207 nömrəli evdir.

Nadir hallarda qapısı açılan ev fasad bəzəkləri ilə küçədən keçən hər kəsin diqqətini çəkir. Ev sahibləri Bakı şəhərində yaşayır, bəzən yay aylarında Şəkiyə gələndə bu evdə qalırlar. Evin sahibəsi Svetlana Hüseynovadır. Svetlana xanım Dadanovlar nəslinin nümayəndəsi, Hüseynbəyovlar nəslinin gəlinidir. Atası Nütvəli Məşədi Xəlil Dadanovla məşhur Şəki milyonçusu Məmmədsadıq Əliyevin qızı Gülsüm xanımın izdivacından doğulub.

Tütün-maxorka istehsalı və ticarəti ilə məşğul olmuş Dadanovlar da, Şəki milyonçusu Əliyevlər də, ipək ticarəti ilə məşğul olmuş Hüseynbəyovlar da Şəkinin memarlıq irsinə böyük miras qoyub. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarından irəli gələrək 3 noyabr 2021-ci il tarixində Dadanovlar ailəsinə məxsus beş, Hüseynbəyovlara məxsus dörd, Əliyevlərə məxsus üç bina hər birinə inventar nömrəsi verilməklə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən qeydiyyata alınıb.

Svetlana xanımın söylədiyinə görə, 207 nömrəli ev Dadanovların yaşayış evi, digər binalar isə ticarət və istehsalat obyektləri olub. Bu evə daxil olduqda insan sanki yüz il öncəyə qayıdır, zamanda səyahət edir. İkitaylı qapılardan daxil olduqca hündür tavanlı, işıqlı otaqlarda keçmişin qoxusu duyulur. Keçmiş sənətkarların zövq və səriştəsinin məhsulu olan qozqara mebellərin oyma naxışları göz oxşayır.

Ev sahibəsinin babasından qalan yadigarları məhəbbətlə qoruması, fəxrlə təqdim etməsi soy-kökə verilən dəyəri göstərir. O, qürur hissi ilə baba və nənəsindən, Şəkinin üç məşhur nəsli ilə qohumluğundan danışır. Ağ-qara, köhnə fotoları göstərib nəslin nümayəndələrini təqdim edir.

Şəkidə belə evlər də, belə insanlar da, belə fotolar da çoxdur. Bu dəyərli əşyaların, fotoların qorunması, tanıdılması tarixi-mədəni irsimiz üçün böyük töhfədir. Bu fotolar Şəkinin etnoqrafiyasının öyrənilməsi, geyim və zinət əşyalarının tədqiqi baxımından da əvəzsiz mənbə ola bilər.

Zəminə Rəsulova
Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi