Xalqımız onu Şuşanın düşməndən azad olunduğu zaman ifa etdiyi “İncə bellim” mahnısı ilə tanımışdı. Soyuqdan üşümüş əllərinin köhnə pianonun dilləri üzərində gəzişməsindən musiqi təhsili alması hiss olunurdu. Tale də elə gətirdi ki, onun həyatındakı musiqi melodiyalarının yerini qəhrəmanlıq notları aldı...

“Vətən fədailəri” rubrikasında bu dəfə şəhid polis Əzizbəy Muradovdan söz açacağıq.

Əzizbəy Etibar oğlu Muradov 1998-ci il fevralın 3-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. Orta təhsilini kənddəki məktəbdə alıb. Uşaqlıqdan qarmon çalmağa həvəs göstərib, Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbində sənətin sirlərini öyrənib. Sonra hərbi xidmətə yollanıb. Qayıtdıqdan sonra, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (qarmon ixtisası) qəbul olunub.

2020-ci ilin 27 sentyabrı. Vətən müharibəsi başlamışdı. Kollecin III kurs tələbəsi Əzizbəy təhsilini yarımçıq qoyaraq könüllü cəbhəyə yollanır. Artıq onun qulaqlarında musiqi səsi silah səsləri ilə əvəzlənmişdi. Savaş, qanlı döyüşlər... Döyüşçü yoldaşlarını itirir, amma bir yandan da özünü tapırdı. O, qarşılaşdığı çətinlikləri musiqi ilə yüngülləşdirməyə çalışırdı.

Vətən müharibəsi 44 sonra Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı. Əzizbəy də müharibədəki şücaətinə görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi.

Vətən müharibəsi zamanı sosial şəbəkələrdə yayılan ifaları ilə də məşhurlaşmışdı. İlk dəfə Qubadlıda qarmonda çaldığı “Qarabağ şikəstəsi” böyük maraq yaratmışdı. Şuşada pianoda ifa etdiyi “İncə bellim” mahnısı sosial mediada xüsusilə geniş yayılmışdı.

Əzizbəy müharibədən sonra müsahibələrindən birində bu haqda demişdi: “Qubadlı rayonunda qarmon tapdım. Onda əsgərlərdən birinin ad günü idi. Hər şey təsadüfən oldu. Uşaqlar xahiş etdilər ki, “Qarabağ şikəstəsi”ni ifa edim. Mən də ifa etdim. Deməli, xəbərim olmadan ifamı videoya çəkiblər. Sonra gəldik Şuşaya. Uşaqlar bir piano tapdılar. Onlar da bilirlər ki, mən musiqiçiyəm. Ona görə məni çağırdılar, dedilər, ifa elə...”.

Vətən müharibəsindən qayıtdıqdan sonra Əzizbəy həyatının yönünü dəyişir. 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının sıralarına daxil olur. Qarşıda düşməni doğma yurdumuzdan tamamilə təmizləmək, uzun illərdir Qarabağda kök salmış erməni separatizminin kökünü birdəfəlik kəsmək missiyası vardı. O da 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edir. Şuşa-Xankəndi istiqamətində tank əleyhinə minaya düşərək ağır yaralanır.

18 gün komada qalan Əzizbəy xəstəxanada göstərilən tibbi müdaxilələrə baxmayaraq, oktyabrın 6-da şəhadətə ucalır. Doğulub boya-başa çatdığı Sabirabad rayonunun Ulacalı kənd qəbiristanlığında torpağa tapşırılır. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə də təltif edilir.

Şəhidin anası Fatma Muradova oğlu haqqında fəxrlə danışır: “Hamı elə bilirdi ki, onun sevdiyi qız var, “İncə bellim” mahnısını da onu düşünərək ifa edir. Əzizbəy Vətən müharibəsi zamanı pianoda ifa etdiyi həmin mahnının videosunu mənə yollamışdı. Demişdi ki, ana, bax, oğlun sağdır və pianoda sənin sevdiyin musiqini ifa edir...”.

Şəhidin atası Birinci Qarabağ müharibəsi veteranı Etibar Muradov deyir ki, Əzizbəy müharibədən qayıtdıqdan sonra çox sevdiyi not kitabçalarına toxunmurdu: “Əsgər geyimində çəkdirdiyi şəkillərinə qibtə edirdi. Ona torpaqlarımızın bütövlüyünün və  suverenliyimizin tam bərpası yolunda Qələbə ilə taclanan tarix səhifəsi qismət oldu...”.

Əzizbəy qəlbindəki Vətən sevgisi könül nəğməsini üstələyən qəhrəman kimi tarixə adını yazdırdı...

Allah rəhmət eləsin.

Nurəddin