Rejissor, prodüser, ssenarist Cavid İmamverdiyev 1–8 noyabr tarixlərində keçirilən 30-cu Minsk Beynəlxalq “Listapad” Kinofestivalının münsiflər heyətində yer alıb.
Bu il “Keyfiyyət nişanlı kino” devizi altında keçirilən festival Belarus kinosunun 100 illiyinə həsr olunub.
Cavid İmamverdiyev festivalda “Gənclərin kinosu” müsabiqəsinin jürisinə başçılıq edir. Onunla birlikdə filmləri İsveçrədən rejissor və sənədli film prodüseri Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirir. Beynəlxalq festivalın bu bölümündə 11 film var.
Əsas bədii film müsabiqəsində isə 18 film təqdim edəcək. Onların arasında 2024-cü ildə Kann Film Festivalında Qran-priyə layiq görülmüş Hindistan rejissoru Payala Kapadianın “Bizə işıqlı görünən hər şey” dramı var.
Festivalın proqramına həmçinin sənədli filmlər, animasiya filmlərin nümayişi və gənc tamaşaçılar üçün “Listapadzik” müsabiqəsi də daxildir.