“Lap kiçik yaşlarımdan valideynlərim musiqiyə olan marağımı sezmişdilər. Bakı Dövlət Universitetinin professoru olan babam həm də klassik musiqinin vurğunu idi. Məni dünya klassikləri ilə ilk dəfə o, tanış edib. İndi deyə bilərəm ki, bu sahəyə peşəkar şəkildə yönəlməyim üçün anam və babam çox düzgün seçim ediblər. Öncədən texniki fənlərə marağımı duyan atam məni öz sahəsinə istiqamətləndirmək istəyirdi, lakin musiqiyə üstünlük verərək qazandığım uğurları gördükcə o da böyük dəstəkçim oldu”.
Bu sözləri yaşına görə uğurları çox olan gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Ərtoğrul Balayev deyir.
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ötən il keçirilən Uşaq İncəsənət Festivalının (UİF) mükafatçıları olmuş istedadlardan biri kimi o, “Uğur sorağında” rubrikamızın növbəti qonağıdır.
Ərtoğrul Balayev 2008-ci ildə Bakıda anadan olub. Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin və Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin XI sinif şagirdidir.
Pianoçu kimi ilk böyük uğurunu Çexiyanın Praqa şəhərində keçirilən “Cyberart” beynəlxalq musiqi festivalında qazanıb. Bundan sonra 2021-ci ildə İspaniyanın Barselona şəhərində keçirilən “İspan günəşinin rəngləri” (“Paints of the Spanish sun”), Portuqaliyanın Lissabon şəhərində təşkil edilən “Portuqaliya incəsənət karnavalı” (“Portugal art carnival”) beynəlxalq festival-müsabiqələrində I diploma layiq görülüb. 2022-ci ildə respublikamızda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Gənc istedadlar”ın ifaçılıq müsabiqəsində də I yeri qazanıb.
Ərtoğrul üçün ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalı xüsusi bir məna daşıyır: “Bu festival Azərbaycan mədəniyyətinə öz töhfəsini verməyi arzulayan gənc istedadlar üçün əsl sınaq meydanı idi. Üstəlik, Ulu öndərin adı ilə bağlı bir festivalda çıxış etmək mənim üçün böyük şərəf idi. Nəticədə piano ifaçılığı üzrə 14-17 yaş kateqoriyasında I yeri qazandım. Bu festival mənim üçün yeni bir mərhələ oldu, musiqi yolunda qərarlılığımı və məqsədimi daha da möhkəmləndirdi”.
UİF-dən sonra da Ərtoğrulun uğurları davam edib. Ötən il “Akademik, xalq və caz musiqisi” II Respublika müsabiqəsində laureat olub. Bu il Türkiyənin Alanya şəhərində keçirilən XII “Harmoniya” beynəlxalq müsabiqə-festivalında II, Gürcüstanın Batumi şəhərində təşkil edilən VI “Dünya harmoniyası” (“World Harmony”) beynəlxalq festivalında isə I yerə layiq görülüb.
Müəllimi Yelena Vasilyevna şagirdi haqqında düşüncələrini bölüşür: “İlk dəfə dörd il əvvəl professional səhnə ilə tanış olan Ərtoğrul festival və müsabiqələrdə iştirak edib. Musiqi onun həyat devizinə çevrilib. Təbii ki, bu məni bir müəllim kimi çox sevindirir. Onun ən böyük arzusu orkestr dirijoru olmaq və öz musiqisini yaratmaqdır. Artıq belə cəhdlər olub. Ərtoğrulun böyük ədibimiz Cəfər Cabbarlının sözlərinə 13 yaşında yazdığı “Azərbaycan bayrağına” romansı ötən konsertlərimizin birində səslənib və maraqla qarşılanıb...”.
Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin direktoru Əməkdar müəllim Gülnarə Səfərova Ərtoğrulun özünü çalışqan və bacarıqlı şagird kimi göstərdiyini, məktəbin bütün tədbirlərində çıxış etdiyini bildirir: “O, dəfələrlə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Öz üzərində çox çalışan bir şagirddir. Gələcəkdə biz Ərtoğrulu incəsənətimizin layiqli nümayəndəsi kimi tanınacağına ümid bəsləyirik”.
Gənc pianoçu dirijorluğa meyil göstərməsinin də maraqlı səbəbi var. Deyir ki, orkestrlə birgə çıxışlar etməsi onda dirijorluğa da maraq oyadıb: “Hər alətin özünəməxsus səsi, orkestrdə fərqli bir rolu var və dirijor kimi bu səslərin hamısını vahid bir ahəngə gətirmək məndə bu sahəyə böyük həvəs yaratdı. Məhz buna görə də ali təhsilimi pianoçu kimi yox, dirijorluq və bəstəkar üzrə almaq istəyirəm. Hazırda əsas məqsədim isə orta məktəbi və musiqi məktəbini uğurla başa vuraraq gələcək karyeram üçün ciddi təhsil almaqdır. Çox ümid edirəm ki, buna nail olacağam”.
Nurəddin