“Ustad dərsi”ndə “Dügah” və “Bayatı-Qacar” dəsgahları təqdim olunub

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Ustad dərsi” layihəsinin növbəti tədbiri “Dügah” və “Bayatı-Qacar” dəsgahlarına həsr olunub. Noyabrın 1-də “Dügah” və “Bayatı-Qacar” dəsgahları instrumental ifada və xanəndələrin ifasında tamaşaçılara təqdim olunub.

BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək bildirib ki, Azərbaycan muğamı deyiləndə ilk olaraq “Rast”, “Şur”, “Segah” kimi muğamlarımız yada düşür. “Dügah” və “Bayatı-Qacar” muğamları nadir hallarda səslənir. “Nəva” muğamı da az səslənən muğamlardan biri olsa da, tədris proqramına (tar ifaçılığında) salınıb. “Bayatı-Qacar” və “Dügah” muğamları vaxtilə sovet dönəmində də müəyyən təzyiqlərə məruz qalaraq oxunmayıb: “Biz az səslənən muğamları yaşatmalı və təbliğ etməliyik. BMM unudulan muğamlara müraciət edərək silsilə şəkildə onları ictimaiyyətə təqdim edəcək. Muğam biliciləri, peşəkar musiqiçilərlə birlikdə bu muğamları öz koloriti və xüsusiyyəti ilə dinləyicilərə çatdırmağa çalışacağıq”.

Sonra konsert proqramı təqdim olundu. Görkəmli tarzən Elxan Müzəffərov “Dügah” muğamını hissə-hissə ifa edərək mizrab vurğu və bölgüləri, ifada sürət-pauza və s. mövzularda düşüncələrini bölüşüb, muğamın 17 şöbə və guşəsinin olduğunu bildirib. 

Konsertin ikinci hissəsində “Bayatı-Qacar” muğamını “Muğam” televiziya müsabiqəsinin qalibləri xanəndələr Nisbət Sədrayeva və Vüqar Əbilov təqdim ediblər. Onları Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) və Vasif Yusifli (ud) müşayiət edib.

Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə, ustad-şagird ənənələrinin qorunmasına dəstək olmaqdır.

Lalə