Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xalqın mədəni sərvəti” layihəsi bu dəfə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülə həsr olunub.
Layihənin ilk günü filarmoniyada Bülbülün xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Ulduz”, “Gülüm” romanslarını, Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun “İntizar”, Vasif Adıgözəlovun “Qərənfil” əsərlərini ifa ediblər.
***
Gəncə Dövlət Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli musiqidə” adlı konsert proqramı təşkil edilib.
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Vasif Bayramov “Könlümü dərdə salan”, “Qəlbi pərişan eləmə”, “Vəslin mənə”, “Dil giriftar olub”, “Əfsanəsi budur”, “Ey Dilruba”, “Ağlaram”, “Xəndandır bu” qəzəllərinə bəstələnmiş əsərləri ifa ediblər.