Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə “44 gün – tarixi Zəfər” adlı kitabın III cildinin təqdimatını keçirib.
Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova kitab haqqında məlumat verib. Qeyd edilib ki, kitabın cildlərində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz hadisələri zamanı həlak olanların da adları əbədiləşdirilib, onlar haqqında ensiklopedik məlumatlar yer alıb.
Diqqətə çatdırılıb ki, “Respublika Xatirə Kitabı”nın indiyədək 20-yə yaxın cildi çap olunub. Kitablarda İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlar haqqında materiallar dərc edilib.
Redaksiyanın “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihəsi əsasında 8 sənədli film də çəkillib. Bu filmlərin dördü geniş ictimaiyyətə təqdim olunub.