İstanbul sərgisində kitablarımızın təqdimatları

 

TÜYAP kompleksində keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi Azərbaycan ədəbiyyatı ilə bağlı yeni nəşrlərin təqdimatları ilə də yadda qalıb.

Görkəmli rus şərqşünas-alimi Yevgeni Bertelsin türk dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami”  kitabı Türkiyədəki  səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında tərcümə edilərək işıq üzü görüb.

AMM-in direktoru Samir Abbasov layihə haqqında danışıb, Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında olan kitabın türkcə nəşrinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, tədqiqat əsərini “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatımızın dostu İmdat Avşar çevirib.

Şair, tədqiqatçı Fərid Hüseyn, tərcüməçi İmdat Avşar və başqaları çıxış edərək kitabı nizamişünaslığa mühüm töhfə kimi qiymətləndiriblər.

***

Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının (1924–1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, “Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər” adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.

***

Həmin gün Türkiyədəki AMM-in layihəsi ilə bu yaxınlarda türkcə çap olunmuş daha bir kitabın – “Azərbaycan xalq nağılları”nın da təqdimatı keçirilib.

Bildirilib ki, kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllar üzrə illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Kiçikdir.

Kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülümün nağılı”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” – ümumilikdə 12 nağıl yer alıb.

Tədbirdə İstanbulda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan orta məktəbin bir qrup şagirdi də iştirak edib. Onlar uşaq yazıçılarına suallar ünvanlayıb, şeirlər söyləyiblər.