41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olan Azərbaycan yazarlarının iştirakı ilə sərgi məkanında və milli stendində imza mərasimləri, ədəbi müzakirələr təşkil olunub.

Noyabrın 2-də “Sosial media çağında yazmaq” mövzusuna həsr olunan ilk panel esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun moderatorluğu ilə keçirilib. Müzakirədə yazarlar Sahilə Yaya, Ulucay Akif və Rəvan Cavid iştirak ediblər.

Qeyd olunub ki, çağdaş dünyada texnoloji yeniliklər insanın fəaliyyət və davranışlarına sanki bir sürət və tələsgənlik gətirib. Buna görə də yazıçıların maraqlı mövzular seçməsi və diqqətçəkən üslub nümayiş etdirməsi zəruridir.

Yazarlar onlara ünvanlanan sualları cavablandırıblar, səsləndirilən fikirlərlə bağlı müzakirə aparılıb.

***

Həmin gün Azərbaycan stendində yazıçılar Günel Şamilqızının “Div olanda nə olar?” (povest və hekayələr) və Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” (hekayələr) kitablarının imza mərasimi olub.

Şair Fərid Hüseyn hər iki yazar və kitabları haqqında məlumat verib. Bildirilib ki, hər iki nəşr Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı gənclik seriyası” üzrə 2020-ci ildə Türkiyədə “Zengin yayıncılık” nəşriyyatında çap olunub. Kitabları tanınmış şair-tərcüməçi Yurtseven Şen türkcəyə uyğunlaşdırıb.

Sonra müəlliflər kitabları oxucular üçün imzalayıblar.

***

Daha bir panel müzakirəsi uşaq ədəbiyyatına həsr edilib.

Yazıçı Sahilə Yayanın aparıcılığı ilə reallaşan panelin qonaqları tanınmış uşaq yazarları Solmaz Amanova və Sevinc Nuruqızı olub.

Onlar uşaq ədəbiyyatının əhəmiyyətini vurğulayıb, bu qəbildən əsərlərin uşaqların estetik zövqünün, dünyagörüşünün zənginləşməsində müstəsna rol oynadığını bildiriblər. Qeyd olunub ki, uşaqlar nə qədər bədii ədəbiyyata maraq göstərsələr, zərərli vərdişlərdən və informasiyalardan uzaq olarlar.

Müzakirə şəklində davam edən tədbirdə müəlliflər sualları cavablandırıblar.

***

“Yeni Azərbaycan hekayəçiliyi və romançılığı” mövzusunda panel müzakirəsində yazarlar Aqşin Yenisey, Nərmin Kamal, Cavid Zeynallı və Ülvi Babasoy çıxış ediblər.

Paneldə Azərbaycan nəsrində gedən proseslər və ədəbiyyatımızda realizm ənənəsi ilə bağlı müzakirə aparılıb. Yeni Azərbaycan nəsrində Qarabağ mövzusu və yazıçı-oxucu münasibətləri də diqqət mərkəzinə çəkilib.

***

Stendimizdə növbəti panel “Azərbaycanda nəşriyyat mədəniyyəti” mövzusuna həsr olunub. Naşirlər Şəmil Sadiq, Nurman Tariq, Rafiq İsmayılov və başqaları ölkəmizdə kitab sənayesinin hazırkı vəziyyəti, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.

***

Bundan əlavə, stendimizdə yazıçı Rəvan Cavidin türk dilində işıq üzü görən “Absurd menyu” və esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun “Gələcəyin tarixi” (türkcə) kitablarının imza mərasimləri keçirilib.