Ötən yüzilliyin əvvəllərində bütün Türküstan ellərində olduğu kimi, özbək xalqının da ictimai-siyasi və ədəbi-mədəni həyatı milli oyanışla müşayiət olunub. Bu prosesdə şair, bəstəkar, ədəbiyyatşünas Həmzə Həkimzadə xüsusilə fəallıq göstərib. O, Azərbaycanla da ədəbi-mədəni əlaqələrin inkişafı üçün səy göstərib. Böyük dramaturq Cəfər Cabbarlının yaradıcılığında sanki özbək həyatını da görüb...
Bu il görkəmli ədibin anadan olmasının 135 illiyidir.
Həmzə Niyazi oğlu Həkimzadə 1889-cu ildə Kokand şəhərində həkim ailəsində dünyaya göz açır. İlk olaraq mədrəsə təhsili alır, ərəb, fars dillərini dərindən mənimsəyir. Poeziyaya dərin maraq göstərir. Klassik cığatay ədəbiyyatını yaxşı öyrənir. İlk mətbu şeiri 1905-ci ildə “Nihan” təxəllüsü ilə dərc olunur.
O, bir çox klassik şairlərin yaradıcılığı ilə maraqlanır. Ancaq daha çox iki dahidən – Əlişir Nəvai və Məhəmməd Füzulidən bəhrələnir. Professor Pənah Xəlilov “H.Həkimzadə və Azərbaycan ədəbiyyatı” məqaləsində yazır ki, onun qəzəllərinin ahəngində Füzuli qəzəllərinin təsiri duyulur.
H.Həkimzadənin 1915–16-cı illərdə “Ağ gül”, “Sarı gül”, “Yaşıl gül”, “Qızılgül” adlı kitabları işıq üzü görür. O, bir çox şeirlərinə musiqi də yazır. Bəstələdiyi mahnılar el dillər əzbəri olur. 20-ci illərdə Özbəkistanın sovetləşməsindən sonra o, rəsmi tədbirlərdə və zəhmətkeş kütlələr qarşısında vaxtaşırı çıxışlar edir. Ölkədə şöhrət qazanır. “Xalq şairi” fəxri adına layiq görülür.
Şair maarif carçısı kimi də tanınır. Kokandda, Mərgilanda məktəb açır, kimsəsiz və kasıb balalarına pulsuz dərs verir, dərsliklər yazır. Onun “Oxu kitabı”, “Qiraət kitabı”, “Yeni ədəbiyyat” kitabları şagirdlərin stolüstü dərs vəsaiti olur.
Azərbaycan ədəbiyyatı, teatr sənəti H.Həkimzadənin də diqqətini cəlb edir. Araşdırmalardan məlum olur ki, o, M.F.Axundzadənin əsərlərini mütaliə edir, Daşkənddə göstərilən Azərbaycan teatrının tamaşalarına baxır və sənət ustalarımızın yaradıcılığından təsirlənir.
H.Həkimzadə 1914-cü ildə Bakıya gəlir. Azərbaycan dramaturqları və aktyorlarla görüşür. Professor P.Xəlilov bu barədə yazır: “Həmzə Həkimzadənin Cəfər Cabbarlı sənətinə üz tutması yalnız şəxsi rəğbətdən irəli gəlməyib. Cabbarlı dramaturgiyası onun gözündə özününküləşib: o, Cabbarlı sənətində Azərbaycan həyat tərzi ilə yanaşı, özbək həyatını da görüb”.
30-dan çox pyes qələmə alan H.Həkimzadə özbək dramaturgiyasının inkişafına mühüm töhfələr verib. “Bəy və muzdur”, “Zəhərli həyat və yaxud eşq qurbanları”, “Elm hidayəti” və s. əsərləri tamaşaya qoyulur. O, həmçinin Azərbaycan dramaturgiyasından bir sıra nümunələri özbək dilinə tərcümə edib və tamaşaya qoyulmasında rejissor kimi iştirak edib.
Maarifçi-ədib Özbəkistanda Azərbaycan ədəbiyyatının və sənətinin təkcə təbliğatçısı yox, həm də yaxşı bilicisi kimi tanınıb. 1920-ci illərdə Xarəzm, Buxara və Nukusda maarif və teatr işləri ilə məşğul olarkən təkrar Bakıya gəlir. Buradakı mədəni proseslərdən lazımınca bəhrələnir. Bu da ona mədəni sahədə daha fərqli ideyalar gerçəkləşdirmək imkanı qazandırır...
O, digər milli respublikaların ziyalıları kimi repressiya dalğasını görməsə də, həyatını acı sonluqla başa vurub. 1929-cu ildə sovet təbliğatçısı kimi ucqar Şahmərdan kəndinə göndərilir. Orada “ateizm təbliğatçısı” olaraq quruluş əleyhdarı qüvvələrin təhrik etdiyi sakinlər tərəfindən daş-qalaq edilir və öldürülür. Sovet hökuməti tərəfindən həmin qışlaq dağıdılır və H.Həkimzadənin adının əbədiləşdirilməsi məqsədilə onun yerində “Həmzəabad” adlı yeni qəsəbə salınır.
H.Həkimzadənin fəaliyyətinə sovet dövründə yüksək qiymət verilib, yaradıcılığı geniş təbliğ edilib. Sovet quruluşunun süqutundan və Özbəkistan müstəqillik əldə etdikdən sonra onun fəaliyyətinə yenidən baxılsa da, adı bir sıra mədəniyyət ocaqlarından (o cümlədən Özbək Milli Akademik Dram Teatrından) götürülsə də, özbək xalqının maarif və mədəniyyət carçısı kimi bu gün də hörmətlə xatırlanır...
S.Fərəcov