Azərbaycan
8 noyabr 1923 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 – 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
8 noyabr 1930 – Əməkdar incəsənət xadimi, bəstəka Əfsər Bayram oğlu Cavanşirov (1930 – 20.5.2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xorunun yaradıcısı (1958) və bədii rəhbəri olub. Simfoniyalar, uşaq xoru üçün əsərlər yazıb.
8 noyabr 1939 – Kino xadimi, səs rejissoru və operatoru Ələkbər Əliheydər oğlu Həsənzadə (1939 – 1.7.2019) Bakıda doğulub. “Azərbaycanfilm”, “Lenfilm”də çalışıb, Rusiyanın Əməkdar incəsənət xadimi olub.
8 noyabr 1942 – Əməkdar memar, respublika Dövlət mükafatı laureatı Əlibəy Nəzərəli oğlu Novruzi (1942 – 4.3.2021) Bakıda anadan olub.
8 noyabr 1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.
8 noyabr 2018 – Xalq artisti, görkəmli aktrisa Amaliya Əliş qızı Pənahova (15.6.1945 – 2018) vəfat edib. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Filmlərdə yaddaqalan rollar oynayıb.
9 noyabr 1926 – Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 – 14.2.2015) Bakıda doğulub. Rəngkarlıqla yanaşı, qrafika ustası kimi də tanınıb, bədii əsərlərə illüstrasiyalar çəkib.
9 noyabr 1973 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 15.5.1899 –1973) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
9 noyabr 1994 – Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (11.12.1918 – 1994) vəfat edib. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.
10 noyabr 1927 – Rəssam, dekorativ-tətbiqi sənət ustası Sabir Məmməd oğlu Şıxlı (1927-2004) Şamaxı şəhərində anadan olub. “Azərbaycanfilm”də dekorator-rəssam (“Böyük dayaq”, “Səhər” və s. filmlər) işləyib.
10 noyabr 1984 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (17.3.1905 – 1984) vəfat edib. Uşaqlar üçün əsərlərin müəllifidir.
11 noyabr 1907 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə (1907 – 31.8.1976) Aşqabadda doğulub. Əslən Bakının Əmircan kəndindəndir. 1920-ci ildə ailəlisi Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, pyeslər yazıb.
11 noyabr 1921 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə Cənubi Azərbaycana köçüb, milli hərəkata qoşulub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir.
11 noyabr 1934 – Xalq artisti, görkəmli xanəndə İslam Tapdıq oğlu Rzayev (1934 – 26.1.2008) Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. “Muğam teatrı”nın yaradıcısı (1988) olub, çoxsaylı gənc ifaçılar yetişdirib.
11 noyabr 1951 – Xalq artisti, aktyor, rejissor İsmayıl Hüseyn oğlu Hidayətzadə (19.8.1901 – 1951) vəfat edib. İlk milli baletin – “Qız qalası”nın librettosunu yazıb. Filmlərdə çəkilib.
12 noyabr 1942 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (1942 – 10.3.2021) Bakının Buzovna kəndində anadan olub. Hindistana yaradıcılıq ezamiyyəti (1987) ilə bağlı silsilə əsərlər çəkib. Əsərləri xaricdə nümayiş olunub.
12 noyabr 1996 – Əməkdar memar Fərman Həsənqulu oğlu İmamquliyev (23.2.1926 – 1996) vəfat edib. Gəncədəki Nizami məqbərəsinin layihə müəllifidir.
13 noyabr 1939 – Xalq artisti Solmaz Cəbrayıl qızı Qurbanova (1939–2013) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
13 noyabr 1983 – Əməkdar incəsənət xadimi, kinooperator Əsgər Cəfər oğlu İsmayılov (1.4.1905 – 1983) vəfat edib. Çəkdiyi filmlər: “Qara daşlar”, “Kölgələr sürünür” (bədii), “Bakıdan Göygölədək” (1947, ilk Azərbaycan rəngli sənədli filmi).
13 noyabr 2021 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (16.7.1934 –2021) vəfat edib. Bakı şəhərinin baş memarı olub.
13 noyabr 2022 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Abbasqulu oğlu Niftəliyev (25.6.1943 – 2022) vəfat edib.
14 noyabr 1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) Qax rayonunun İlisu kəndində doğulub. Şeirlərinə populyar mahnılar yazılıb.
14 noyabr 1942 – Əməkdar artist, xanəndə Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “qızıl fond”unda saxlanılır.
14 noyabr 1944 – Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseyn oğlu Hüseynov (1944 – 5.4.2021) Ağdam rayonunun Gülablı kəndində doğulub.
14 noyabr 1949 – Xalq artist Rafiq Hacıbaba oğlu Əliyev (1949 – 16.4.2020) Füzuli rayonunun Merdinli kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə (“Qəm pəncərəsi”, “Qətl günü” və s.) çəkilib.
14 noyabr 2006 – Xalq artisti, estrada müğənnisi Oqtay Cəfər oğlu Ağayev (7.11.1934 – 2006) vəfat edib.
Dünya
8 noyabr 1837 – Gürcü yazıçısı, şair İlya Qriqoryeviç Çavçavadze (1837 – 12.9.1907) аnаdаn оlub. “Erməni alimləri və fəryad edən daşlar” əsərində ermənilərin qonşu xalqların tarixinə qarşı saxtakarlığını ifşa edib.
8 noyabr 1900 – Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell; 1900–1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
9 noyabr 1818 – Rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 – 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə” (romanlar), “Ovçunun qeydləri” hekayələr toplusu və s.
9 noyabr 1929 – Yəhudi əsilli macar yazıçısı, Nobel mükafatı laureatı (2002) İmre Kertes (1929 – 31.3.2016) anadan olub.
10 noyabr 1759 – Alman şairi, dramaturq Yohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller; 1759 – 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
10 noyabr 1928 – İtalyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Morricone; 1928 – 6.7.2020) anadan olub.
11 noyabr 1821 – Rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (1821 – 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.
11 noyabr 1944 – Türk aktyoru Kamal Sunal (1944 – 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə əksəriyyəti komik rollar olan xarakterik obrazlar yaradıb.
12 noyabr 1935 – Rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 – 30.3.2011) anadan olub.
13 noyabr 1745 – Fransalı pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy; 1745–1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
13 noyabr 1850 – İngilis (şotland əsilli) yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson; 1850 – 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Qara ox” və s.
14 noyabr 1840 – Fransız rəssamı, impressionizmin banilərindən Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub.
14 noyabr 1907 – İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson; 1907 – 28.1.2002) anadan olub.
14 noyabr 1924 – Məşhur skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 – 17.12.1982) anadan olub.
Hazırladı: V.Orxan