Olaylar, faktlar (9 – 13 noyabr)
106 il əvvəl...
9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağının qəbul olunması barədə qərar verib. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra üçrəngli bayraq qırmızı sovet bayrağı ilə əvəzləndi. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Cümhuriyyətin bayrağı yenidən Azərbaycanın dövlət rəmzi kimi qəbul olundu. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
11 noyabr 1918-ci ildə Birinci Dünya müharibəsi başa çatıb. Almaniyanın kapitulyasiyasına dair “Kompen sülhü” imzalanıb. Fransadakı Kompen meşəsində dəmir yolu vaqonunda müharibənin qalibləri – Fransa, Britaniya, ABŞ və digər müttəfiq dövlətlərin diktəsi altında imzalanan sazişə əsasən, Almaniya müharibə zamanı tutduğu bütün əraziləri azad etməli, ordudan məhrum edilməli idi. 1919-cu ildə Versal sülhü müharibənin yekunlarını rəsmiləşdirdi.
86 il əvvəl...
10 noyabr 1938-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfat edib. 1919-cu ildə türk xalqının qurtuluş və istiqlal savaşına başçılıq edən Mustafa Kamal paşa 1923-cü ilin 29 oktyabrında elan olunan Türkiyə Cümhuriyyətinin ilk Prezidenti seçilmişdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. 15 il Türkiyə Cümhuriyyətinə rəhbərlik edən Atatürk 4 dəfə prezident seçilmişdi.
76 il əvvəl...
11 noyabr 1948-ci ildə energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.
36 il əvvəl...
13 noyabr 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı qırğın həyata keçirilib. Spitak rayonunda erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar ediblər. 40-dan çox azərbaycanlı qətlə yetirilib, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur edilib.
35 il əvvəl...
9 noyabr 1989-cu ildə Almaniyanın iki yerə (Qərbi və Şərqi Almaniya) bölünməsinin simvolu olan “Berlin divarı”nın uçurulması başlanıb. 1961-ci ildə SSRİ rəhbərliyinin qərarı ilə inşa edilən “Berlin divarı”nın uzunluğu 155 kilometr idi.
33 il əvvəl...
9 noyabr 1991-ci ildə Azərbaycanın Respublikasının dövlət müstəqilliyi ilk olaraq Türkiyə Cümhuriyyəti tərəfindən tanınıb.
29 il əvvəl...
12 noyabr 1995-ci ildə Azərbaycanda Konstitusiyanın qəbul olunması ilə bağlı referendum və Milli Məclisə ilk seçkilər keçirilib. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edilib.
23 il əvvəl...
9-10 noyabr 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda qəbul edilən qərara müvafiq olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı.
Hazırladı: V.Orxan