Amerika tarixində ikinci dəfə eks-prezident təkrar seçilib
Dörd il əvvəlki seçkilərdə qələbəsinin əlindən alındığını iddia edən və ötən müddətdə nəyin bahasına olursa-olsun prezidentlik postunu yenidən qazanacağını vəd edən Donald Tramp 2021-ci ilin yanvarında tərk etdiyi Ağ Evə geri dönür. 2024-cü ilin 5 noyabr prezident seçkilərinin rəsmi yekunları hələ elan edilməsə də, faktiki nəticə səsvermə bitəndən bir neçə saat sonra artıq məlum idi.
Tramp ABŞ tarixində birinci prezidentlik müddətindən sonra vəzifədən gedən və 4 il aradan sonra yenidən seçkini qazanan ikinci şəxsdir. Bundan öncə ABŞ-nin 22-ci prezidenti (1887–1891) Qrover Klivlend ikinci müddətə seçilə bilməsə də, 4 il sonra yenidən seçilmiş və 24-cü prezident (1893–1897) olmuşdu. 45-ci prezident olmuş Tramp da ölkə tarixinə 47-ci prezident kimi düşəcək.
Trampın Ağ Evə qayıdışı sürpriz olmasa da, nəticə gözlənildiyindən daha üstün oldu. Seçki marafonunun son günlərinə qədər reytinq sorğularında rəqibi – hazırkı vitse-prezident Kamala Harrislə başa-baş gedən Tramp seçkini açıq-ara fərqlə qazandı.
Xatırladaq ki, Amerikada prezident seçkilərinin nəticəsini ümumən ölkə üzrə səs sayı deyil, ştatlar üzrə “Seçicilər kollegiya”sına nümayəndələrin sayı ilə müəyyən edilir. Bu, 1787-ci ildə, ilk prezident seçkilərində qoyulan qaydadır və indiyədək qüvvədədir. Hər ştat (ümumi seçici sayına müvafiq olaraq) bəlli sayda nümayəndə kvotasına malikdir. Məsələn, əhalisinin sayına görə ən böyük ştat olan Kaliforniyanın “Seçicilər kollegiya”sında nümayəndə sayı 52-dir. Texasda bu rəqəm 40, Floridada 30, Nyu-Yorkda 28-dir. Ən kiçik ştatlar üçün kvota 3 nümayəndədir.
Beləliklə, konkret ştatda qalib gələn namizəd “Seçicilər kollegiya”sı üzrə kvotanı da qazanmış olur. Hazırda “Seçicilər kollegiya”sında ümumi kvota 538-dir və ölkə üzrə qalibiyyət üçün onun yarıdan çoxunu, minimum 270 nümayəndə sayını qazanmaq lazımdır.
Noyabrın 7-nə olan məlumata görə, Tramp 28 ştatda qalib gələrək 295 nümayəndə sayını təmin edib. Harris 20 ştatda və Vaşinqton federal dairəsində (cəmi 226 nümayəndə) qalib olub. Rəsmi nəticələri 7 noyabradək elan olunmayan daha iki ştatda (Nevada və Arizona) da Tramp öndədir. Onun ümumən ölkə miqyasında təxminən 51 faiz səs topladığı bildirilir.
Tramp ilkin nəticələr bəlli olandan az sonra tərəfdarları qarşısına çıxaraq qələbəsini elan edib. O, əldə etdiyi nailiyyətin Amerika xalqının qələbəsi olduğunu və bunu ölkə tarixində “tayı-bərabəri olmayan siyasi qələbə” adlandırıb. Eks-prezident hakimiyyətdə olacağı ikinci müddətin ABŞ tarixində həqiqətən “qızıl dövr” olacağına söz verib.
Qeyd edək ki, Tramp vəzifəsinin icrasına 2025-ci ilin 20 yanvarında inauqurasiya mərasimindən sonra başlamalıdır.
Bu arada 5 noyabrda prezident seçkiləri ilə bərabər ənənəvi olaraq Konqresin alt palatası – Nümayəndələr Palatasına (435 yer) və yuxarı palata – Senatın üçdəbirinə (100 yerdən 34-nə) seçki keçirilib. Nümayəndələr Palatasında deputatların hər çağırış səlahiyyət müddəti 2 ildir. Senatorların (hər ştat üzrə 2 senator) səlahiyyət müddəti isə 6 ildir, amma hər 2 il ara ilə Senatın üçdəbiri yenilənir.
Hələ tam rəsmi olmayan nəticələr Respublikaçılar Partiyasının hər iki palatada üstün olacağını deməyə əsas verir. Noyabrın 7-nə olan məlumata görə, onlar Senatda 52 yer qazanıblar. Nümayəndələr Palatasında isə respublikaçılar 209 (palataya nəzarət üçün 218 mandat lazımdır), demokratlar 191 yeri təmin ediblər. Nümayəndələr Palatasında da üstünlük təmin edilsə, bu, respublikaçılar üçün tam və qəti qələbə olacaq.
Vüqar Orxan